Səudiyyənin futbol komandası İraqa gedir

Arxiv fotosu

Son 40 ildə ilk dəfə olaraq Səudiyyə Ərəbistanının futbol komandası İraqa yarışmaya gedəcək.

Oyunun fevralın 28-də Bəsrə şəhərində keçirilməsi planlaşdırılır.

1990-cı ildə Küveytin işğalından sonra İraqda beynəlxalq yarışlar keçirilməyib. ABŞ əməliyyatları nəticəsində diktator Saddam Hussein devriləndən sonra da qadağa qüvvədə qalıb.

Bağdad ümid edir ki, futbol üzrə beynəlxalq qurum olan FIFA beynəlxalq yarışlara qadağanı aradan qaldıra bilər.

2012-ci ildə İraqla İordaniya arasında Bağdadda görüşü zamanı qadağa qısa müddətə qaldırılıb, amma yarışma vaxtı elektrikin kəsilməsi FIFA-nı qadağanı bərpa etməyə məcbur edib.

Ötən ilin sonunda İslam Dövləti (İŞİD) yaraqlıları üzərində qələbədən sonra FIFA yenidən qadağanı yüngülləşdirib, Ərbil, Bəsrə, Kərbəlada oyunlara icazə verib.