Xocalı faciəsindən 26 il ötür

Xocalı. 26 fevral 1992

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib.

İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü bildirilir.

Azərbaycan hökumətinin hesablamalarına görə, Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərini işğal etməsi nəticəsində dövlətə və vətəndaşlara 170 milyon dollardan artıq ziyan vurulub.

«Aparılan istintaq nəticəsində 7000-ə yaxın istintaq hərəkəti icra edilib. 1693 şahid və 2548 zərərçəkmiş şəxs qismində olmaqla, 4241 nəfər dindirilib. 800-dən artıq müxtəlif ekspertizalar keçirilib. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda baş verənlərə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirib», - deyə bu günlər Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə bəyanatda qeyd edilirdi.

Xocalı faciəsinin ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur.

Bakıda hər il fevralın 26-da dövlət başçısı, rəsmi şəxslər, siyasi partiyaların təmsilçiləri və sıravi vətəndaşlar bu faciə ilə bağlı Xətai rayonu ərazisində inşa edilən «Ana fəryadı» abidəsini ziyarət edirlər.

Bu gün, fevralın 28-də də səhər saatlarından anım mərasimi ilə bağlı Xocalı prospektində və bu istiqamətdə kəsişən yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.