Əliyev Ərdoğana zəng vurub

R.T.Ərdoğan və İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, dövlət başçısı prezident Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb.

Prezident Ərdoğan Xocalı faciəsi nəticəsində günahsız insanların qətlə yetirilməsini bir daha pisləyib, bu hadisə ilə bağlı Azərbaycan dövlət başçısına və xalqına başsağlığı verib.

Prezidentlər iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Türkiyə prezidenti R.T.Ərdoğan 1954-cü il fevralın 26-da doğulub.

Bu gün, fevralın 26-da Xocalı faciəsinin 26 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhəri işğal edib. İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü bildirilir.