Superfosfat zavoduna investor axtarılır

Sumqayıt

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Sumqayıt Superfosfat Zavodunun səhmlərinin 99.83 faizini investisiya müsabiqəsinə çıxarıb.

Zavod son dönəmlər bir neçə dəfə hərraca çıxarılıb. Ancaq bu dəfə əvvəlkilərdən fərqli olaraq, investorlar qarşısında daha konkret tələblər qoyulub.

«Sumqayıt Superfosfat» Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmlərini yalnız 300 iş yerinin açılmasından ötrü ən azı 60 milyon manat investisiya qoyan investorlar əldə edə bilər. Bundan əlavə, müsabiqənin qalibi dövlət büdcəsinə 8 milyon manatdan az olmamaqla vəsait köçürməlidir.

İnvestora dövlət büdcəsi qarşısında öhdəliklərin və 2 milyon 424 min manat dövlət sığortası haqqının ödənilməsindən ötrü alqı-satqı əqdi bağlanandan sonra dörd ay vaxt ayrılır.

Ancaq bu, hamısı deyil. İnvestor konsaltinq xidmətlərindən ötrü də ödəniş etməlidir. Konsaltinq xidməti göstərmiş şirkətin adı açıqlanmır.

Sonuncu dəfə Sumqayıt Superfosfat Zavodunun səhmləri 2016-cı ilin sonlarında investorlara təklif olunub. O vaxt müəssisədə 114 nəfər çalışdığı deyilirdi. Bu ilin fevralında isə zavodda 34 nəfərin işlədiyi bildirilir.

Sumqayıt Superfosfat Zavodu 2001-ci ildə səhmləşdirilib.

Şirkətin nizamnamə kapitalı 7.5 milyon manat təşkil edir. Müəssisə 85 hektar torpaq sahəsi tutur.

Sumqayıt Superfosfat Zavodu 1961-ci ildə sulfat turşusu və sadə superfosfat gübrəsinin istehsalı məqsədilə yaradılıb.