ABŞ neft hasilatında Rusiyanı üstələyir

Kaliforniyada neft yataqları

Birləşmiş Ştatlar 2019-cu ilədək dünyanın ən böyük neft hasilatçısı kimi Rusiyadan önə çıxacaq, çünki bu ölkədə şist nefti hasilatı artmaqdadır. Bunu Beynəlxalq Enerji Agentliyi (IEA) bildirir.

Qurum rəhbəri Fatih Birol fevralın 27-də Tokioda bir tədbirdə danışıb.

Ötən ilin sonunda ABŞ-da neft hasilatı günə 10 milyon bareli keçib. Bu, 1970-ci ildən bəri ilk belə hadisə, həm də aparıcı neft ixracatçısı Səudiyyə Ərəbistanının sıxışdırılmasıdır.

ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, bu ilin sonunda ölkənin neft hasilatı günə 11 milyon barreli aşacaq. Rusiyada isə bundan az neft çıxarılır.

ABŞ-da hasilatın yüksəldiyi bir vaxtda digər böyük oyunçular qiymətlərin dəstəklənməsi məqsədiylə hasilatı artırmırlar.

Digər tərəfdən, ABŞ neftinin ixracı da yüksəlir və OPEC-lə Rusiyanın bazardakı payına sahiblənməkdədir.

Birol “Reuters” xəbər agentliyinə deyib ki, gələn dörd-beş il ərzində Birləşmiş Ştatlarda xam neft hasilatının azalacağını gözləmir.