E.Məmmədyarov: 'Demokratiya... vacibdir'

Elmar Məmmədyarov

Elmar Məmmədyarov

«Demokratiyanın möhkəmlənməsi və insan hüquqlarının qorunması Azərbaycanın ən vacib prioritetləri arasındadır».

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasındakı çıxışında belə deyib. O vurğulayıb ki, hökumət bütün insan hüquqlarından və əsas azadlıqlardan tam yararlanmasından ötrü genişmiqyaslı proqramlar həyata keçirir. E.Məmmədyarov təhsil, tibb, gender bərabərliyindən bəhs edib, rəhbəri olduğu qurumda çalışanların 52 faizinin qadınlar olduğunu bildirib.

«Azərbaycan İnsan Hüquqları Şurasının fəaliyyətinin gücləndirilməsinin zəruriliyini tam dəstəkləyir», - nazir deyib.

E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib. O əlavə edib ki, Ermənistanın silahlı təcavüzünün nəticəsi olaraq Azərbaycan ərazisinin 20 faizi 25 ildən çoxdur ki, işğal altındadır.

«Bir milyondan çox azərbaycanlı etnik təmizlənməyə məruz qalıb. Bu gün Azərbaycan 1.2 milyon qaçqın və məcburi köçkünə sahibdir. 10 milyonluq əhalisi ilə adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə dünyada ən yüksək göstəricilər sırasında qərarlaşıb».

Xocalı faciəsindən də danışan E.Məmmədyarov ona görə məsuliyyət daşıyanların hələ də ədalət mühakiməsi qarşısına çıxarılmadığını ifadə edib. O vurğulayıb ki, beynəlxalq ictimaiyyətin Azərbaycanda törədilmiş insanlıq əleyhinə cinayətlərə münasibətdə səssizliyi Ermənistanı azərbaycanlı qaçqın və məcburi köçkünlərin əsas insan hüquqlarını pozmaqda davam etməyə cəsarətləndirir.

«Davamlı genişmiqyaslı insan hüquqları pozuntuları Azərbaycan xalqının beynəlxalq hüququn aliliyinə və BMT-nin insan hüquqları mexanizminin səmərəliliyinə etimadını möhkəm sarsıdıb», - nazir bildirib.

Xatırlatma

Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyası keçirilir. Sessiyada insan hüquqları və təhlükəsizliyə aid məsələlər müzakirə edilir.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib. İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü bildirilir.