Seçici sayı 28.7 min nəfər artıb

Səsvermə

Azərbaycanda vahid seçici siyahısı dəqiqləşdirilərək yenidən tərtib edilib.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasında (MSK) komissiya üzvləri və KİV nümayəndələri ölkə üzrə vahid seçici siyahısının yenidən tərtib olunmuş variantı ilə tanış olublar.

MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, vahid seçici siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib.

«Dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən, Azərbaycanda 5 milyon 192 min 42 səsvermə hüququ olan şəxs var», - o, bildirib.

N.Məmmədov bildirib ki, Azərbaycanda seçicilərin sayı ötən illə müqayisədə 0.6 faiz, yəni 28 min 792 nəfər artıb. O, seçici siyahılarının martın 3-dək MSK-nın saytında yerləşdiriləcəyini deyib.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İ.Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

MSK-dan verilən məlumata görə, artıq 15-dək şəxs iddiasını ortaya qoyub. Onlardan indiyə kimi hələlik birinin, hakim Yeni Azərbaycan Partiyasının sədri, hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyi qeydə alınıb.

Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.