Yanğınla bağlı dövlət komissiyası yaradılıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Narkoloji Dispanserdə yanğın görüntüləri

Azərbaycan prezidenti İlham Əliyev Respublika Narkoloji Mərkəzində baş verən yanğın ilə bağlı dövlət komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Sənəddə martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş verdiyi, həlak olanların və yaralananlar olduğu bildirilir.

Komissiyaya baş nazirinin müavini Abid Şərifov sədrlik edəcək. Daxili işlər, fövqəladə hallar, səhiyyə nazirləri, baş prokuror və başqa rəsmilər də komissiyada təmsil olunur.

Dövlət komissiyası hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılmasından ötrü təxirəsalınmaz tədbirlər həyata keçirməlidir. Qurum həmçinin, hadisə nəticəsində zərər çəkənlərə, həlak olanların ailə üzvlərinə maddi və başqa zəruri yardım göstərilməsini təmin etməlidir.

Sərəncama əsasən, mərkəzin işçilərinin və müalicə alanların müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilməlidir.

Sənəddə habelə, mərkəzin yeni binasının tikintisi ilə bağlı işlərin tamamlanmasının qısa müddət ərzində təmin olunması nəzərdə tutulur.

Xatırlatma

Martın 2-si səhər saatlarında Xətai rayonunda yerləşən Narkoloji Mərkəzdə yanğın baş verib, 25 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Hüquq-mühafizə orqanları bildiriblər ki, yanğına elektrik naqillərində qısaqapanma səbəb olub.