Merkel, Trump Putin-in yeni silah iddialarından narahatdır

Donald Trump və Angela Merkel (arxiv fotosu)

Almaniya kansleri Angela Merkel və ABŞ prezidenti Donald Trump Rusiya lideri Vladimir Putin-in yeni silahlarla bağlı dediklərindən narahatlıq bildiriblər. Putin ölkəsinin yeni nüvə silahları hazırladığını açıqlayıb.

Merkel-lə Trump deyiblər ki, bu silahlar “beynəlxalq silahlara nəzarət cəhdlərinə” mənfi təsir göstərəcək. Məlumatı martın 2-də Almaniya hökuməti yayıb.

Putin xalqa illik müraciətində ölkəsinin yeni silahlarıyla qürrələnib, deyib ki, onlardan çoxu dünyanın istənilən yerini vura bilər və ABŞ-ın antiraket sistemləri onları tuta bilməz.

Putin-in dediklərinə cavab olaraq, Ağ evin sözçüsü Sarah Sanders deyib ki, Rusiya on ildən çoxdur sabitsizlik yaradan silahlar hazırlamaqla silah öhdəliklərini pozur.

Kremlin sözçüsü Dmitry Peskov-sa martın 2-də Rusiyanın heç bir beynəlxalq silahlara nəzarət paktını pozmadığını deyib.