5 min 641 seçki məntəqəsi fəaliyyət göstərəcək

M.Pənahov

«Azərbaycanda cəzaçəkmə müəssisələrindəki vətəndaşların səs verməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur, hər kəs səs vermək hüququna malikdir».

Mərkəzi Seçki Komissiyasının (MSK) martın 2-də keçirilən iclasında sədr Məzahir Pənahov belə deyib.

İnkişaf etmiş bəzi ölkələrdə məhkumların səsvermə hüququnun olmamasını, bəzilərində bu hüququn məhdudlaşdırıldığını qeyd edən MSK sədri Azərbaycanda durumun fərqli olduğunu ifadə edib.

MSK sədri hər kəsin seçki qanunvericiliyinə uyğun olaraq, azad şəkildə səs verməsindən ötrü şərait yaradıldığını deyib.

M.Pənahov seçkiyə hazırlıqla bağlı görülən işlər barədə məlumat verib. O qeyd edib ki, prezident seçkiləri ilə əlaqədar 5 min 641 seçki məntəqəsi fəaliyyət göstərəcək. Xaricdə və müvəqqəti yaradılan seçki məntəqələri də onların sırasına daxildir.

Seçicilərin sayına gəlincə, M.Pənahov onların 5 milyon 309 min 434 nəfər olduğunu bildirib. Seçicilərin 50.78 faizi qadın, 49.22 faizi isə kişidir.

İclasda seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılması məqsədilə 5 milyon 347 mindən artıq bildirişin çap olunacağı bildirilib.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İ.Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

MSK-dan verilən məlumata görə, artıq 15-dək şəxs iddiasını ortaya qoyub. Onlardan indiyə kimi hələlik birinin, hakim Yeni Azərbaycan Partiyasının sədri, hazırkı dövlət başçısı İ.Əliyevin namizədliyi qeydə alınıb.

Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.