Martın 3-də Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı prezident İlham Əliyevin sərəncamı ilə yaradılan dövlət komissiyasının ilk iclası keçirilib.
Toplantıdan sonra AzərTAC-a açıqlama verən komissiyanın sədri, baş nazirin müavini Abid Şərifov bildirib ki, yanğın baş verən zaman narkoloji mərkəzin həmin korpusunda 55 xəstə olub. Onlardan 25-i vəfat edib. Qalan 30 nəfər isə xilas edilib:
“Təbii ki, hamımız narkoloji xəstələrin vəziyyətini yaxşı bilirik və fikrimcə, bu barədə ətraflı danışmağa ehtiyac yoxdur. Belə xəstələrin özlərini sakit aparmaları üçün müəyyən iynələr vurulur. Ona görə də belə şiddətli yanğında otuz nəfəri xilas etmək çətinliklə mümkün olub. Təəssüf ki bəzi xoşagəlməz məlumatlar yayılır ki, guya xəstələr çarpayılara bağlı olublar. Bütün bunların hamısı əsassız fikirlərdir. Yanğın vaxtı bir həkim dünyasını dəyişib. Ancaq o, xəstəyə baxan həkim olmayıb. Sadəcə müalicə alan xəstələrdən biri 62 yaşlı həkim olub. Ölən 25 nəfərdən yalnız biri pensiyaçıdır”.
Buna da bax: Narkoloji dispanserdə yanğın. Prezident hadisə yerinə getdi [video]
Komissiyanın ilk iclasında müzakirə olunan məsələlərdən danışan Abid Şərifov bildirib ki, ölən şəxslərin, xüsusilə narkoloji xəstələrin şəxsiyyətlərinin müəyyənləşdirilməsi olduqca çətin məsələdir:
“Çünki elə xəstələr var ki, 15-20 ildir orada müalicə alır. İndiyədək doqquz nəfərin şəxsiyyəti müəyyənləşdirilib və onlar artıq, dəfn olunub. Qalanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi bir qədər vaxt tələb edən məsələdir. Bu məsələ ilə əlaqədar aidiyyəti qurumlar, o cümlədən Baş Prokurorluq, Daxili İşlər və Səhiyyə nazirlikləri ciddi işlər aparırlar. Onların da şəxsiyyətləri qısa müddətdə müəyyən olunacaq. İkinci məsələ yanğın zamanı sağ qalanların yerləşdirilməsidir. Artıq 30 nəfər ayrı-ayrı xəstəxanalarda yerləşdirilib. Onlardan 18-i evə buraxılıb”.
Buna da bax: Narkoloji Dispanserdə yanğın görüntüləri
“Digər versiyalar da araşdırılır”
Komissiya sədri deyib ki, vacib vəzifələrdən biri də yanğının səbəblərini araşdırmaqdır:
“Aidiyyəti qurumlar – Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi ilkin səbəb kimi elektrik naqillərində baş verən qısaqapanma versiyasını irəli sürüblər. Lakin digər versiyalar da araşdırılır. Yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat verəcəyik. Mən Komissiyanın iclasında aidiyyəti qurumlardan – Səhiyyə Nazirliyindən və Bakı Şəhər İcra Hakimiyyətindən xahiş etdim ki, müvafiq araşdırmalar başa çatdırıldıqdan sonra həmin bina tamamilə sökülsün. Ərazidə lazımi abadlıq işləri aparılsın... Prezidentin Sərəncamı ilə tanışsınız, - Sabunçu rayonunun ərazisində yeni mərkəz tikilir. Bu mərkəzin tikintisinə bir neçə il əvvəl başlanılıb. Prezident İlham Əliyevin təsdiq etdiyi investisiya proqramında yeni mərkəzin tikintisinin tamamlanması üçün 5,3 milyon manat vəsait ayrılıb. Səhiyyə Nazirliyinin məlumatına görə, bu müalicə müəssisəsinin may ayınadək istifadəyə verilməsi nəzərdə tutulur. Yeni Narkoloji Mərkəz hazır olana qədər xəstələrin müalicəsi hazırkı mərkəzin digər korpuslarında davam etdiriləcək”.
Buna da bax:
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində yanğın baş verib. Yanğın nəticəsində 25 nəfər həlak olub, 3 nəfər xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları bildiriblər ki, yanğına elektrik naqillərində qısaqapanma səbəb olub.
Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə ekspertizalar təyin edilib.