Dəm qazı Sumqayıtda 6 can aldı

Qaz

Baş Prokurorluq Sumqayıtda 6 nəfərin ölümü ilə nəticələnən hadisəylə bağlı məlumat yayıb.

Hadisənin Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 18/11-in zirzəmisində, yaşayış yeri kimi istifadə olunan sahədə baş verdiyi, prokurorluğa meyitlərin martın 4-də aşkarlanması barədə informasiya daxil olduğu deyilir.

Hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertizasının iştirakı ilə prokurorluq, polis əməkdaşları tərəfindən baxış keçirilərək maddi sübutlar götürüldüyü bildirilir.

Meyitlərin müayinəsi zamanı ilkin əlamətlərə əsasən onların dəm qazından zəhərlənərək ölmələri ehtimal olunur. Buna görə də şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin baş vermə səbəblərinin və digər zəruri halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.

+++

Sumqayıt şəhərində bir ailənin 6 üzvü dəm qazından boğularaq ölüb.

Bu haqda Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Məlumatı Səhiyyə Nazirliyindən də təsdiqləyiblər.

Prokurorluqdan bildirilir ki, hadisənin səbəbləri araşdırılır. Eləcə də faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

APA dəm qazından boğulanların Sumqayıt şəhərində yaşayan Rafiq Hüseynov, Yeganə Hüseynova, Sara Hüseynova, Fərid Abbasov, Zemfira Abbasova və Yeganə Abbasovanın olduqlarını xəbər verir.