Rusiya idmanında dopinqlə bağlı film “Oscar” qazandı

Grigory Rodchenkov

Rusiya idmanında dopinq qəbulundan söz açan “Icarus” filmi ən yaxşı sənədli film nominasiyası üzrə “Oscar” mükafatı alıb.

ABŞ-dan kinorejissor Bryan Fogel bu filmi Moskva antidopinq laboratoriyasının keçmiş direktoru, hazırda Birləşmiş Ştatlarda yaşayan Grigory Rodchenkov-u yardımıyla çəkib.

Fogel mükafatı Rodchenkov-a həsr etdiyini, onun “hazırda böyük təhlükə altında yaşadığını” söyləyib.

ABŞ-ın qoruması altında olan Rodchenkov 2016-cı ildə Birləşmiş Ştatlara qaçıb. O, Rusiyada laboratoriya direktoru olarkən rusiyalı atletlərin dopinq testlərindən yayınmasından ötrü dövlət səviyyəsində göstərilən cəhdləri ifşa edib.

Bundan sonra Beynəlxalq Olimpiya Komitəsi bu il Cənubi Koreyada keçirilən qış olimpiadasına yalnız 169 rusiyalı atleti fərdi şəkildə dəvət etdi.