Ali Məhkəmə yenidən Mehman Hüseynovun şikayətinə baxacaq

Sizin brauzer HTML5-i dəstəkləmir

Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"

Həbsdəki videobloqqer Mehman Hüseynovun işinə Ali Məhkəmədə yenidən baxılacaq. Şikayətdə M.Hüseynova qarşı ittihamlar əsassız olduğundan onun barəsində bəraət hökmünün çıxarılması istənilir.

Bloqqerin vəkillərindən Fuad Ağayev bildirib ki, müdafiə tərəfinin Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayəti artıq icraata götürülüb.

Bloqqerin şikayətinə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi məhkəmə heyəti baxmalıdır.

Məhkəmənin vaxtı hələlik bəlli deyil.

Xatırlatma

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda suçlu bilinib.

Apellyasiya Məhkəməsi haqqındakı hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə bloqqerin kasasiya şikayətini qismən təmin edib, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloqqer barəsində aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb.

M.Hüseynov çəkdiyi videolarda bəzən hökumətin gördüyü işləri tənqid edib, bəzən də yüksəkvəzifəli şəxslərin, deputatların mülkləri barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb.