Qərb Rusiyanı “qlobal internetdən təcrid edə bilər”

Vladimir Putin (solda) və German Klimenko

Qərb Rusiyanı qlobal internetdən təcridlə cəzalandırmağa çalışarsa, Rusiya buna hazırdır. Rusiya prezidenti Vladimir Putin-in internet üzrə baş müşaviri German Klimenko belə deyib.

Bircə düyməni basmaqla bir ölkəni təcrid edə bilərsən. Texniki baxımdan, istənilən hərəkətə hazırıq”, – o, martın 5-də dövlətin nəzarətində olan NTV-yə söyləyib.

Rusiya bir sıra ölkələrdə kiberəməliyyatlar aparmaqda suçlanır. Birləşmiş Ştatlar Moskvanın 2016-cı ildə prezident seçkisinə iddia olunan müdaxilə cəhdlərini araşdırmağa xüsusi müşavir təyin edib.

Rusiyaya ABŞ tərəfindən bir sıra sanksiyalar qoyulub, əlavə sanksiyalar gözlənir.

Klimenko daha öncə də xəbərdarlıq edib ki, Qərb ölkələri Rusiyanı internetdən çıxara bilər və Moskva buna hazır olmalıdır.

O, NTV televiziyasına Rusiyanın hazır olduğunu bildirib, belə ki, Rusiya rəsmiləri artıq internetin xüsusi seqmentini hazırlayıblar, onun özünün axtarış mühərrikləri, sosial şəbəkələri və reklamı var.

Klimenko qlobal internetdən təcridin ilkin olaraq bəzi çətinliklər yaradacağını istisna etməyib, çünki Rusiya şirkətlərinin bəziləri xaricdə informasiya saxlayırlar, baxmayaraq ki, qanun məlumat bazasının Rusiyada saxlanmasını tələb edir. Onun sözlərinə görə, Rusiyada başqa hər şey qaydasında olacaq.

Hətta əgər bizə belə bir müharibə elan etsələr, yaxşı və normal yaşaya bilməyəcəyimizə heç bir dəlil yoxdur”, – Klimenko NTV-yə deyib.