Rusiyaya “bir həftəyə” yeni sanksiyalar gözlənir

Dan Coats

Moskvanın ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsinə görə Rusiyaya yeni sanksiyalar “bir həftəyə” elan olunacaq. Bunu ABŞ-ın baş kəşfiyyat rəsmisi deyib.

Milli Kəşfiyyatın direktoru Dan Coats martın 6-da bildirib ki, yeni sanksiyalar tezliklə elan olunacaq. Bundan az öncə Senatın silahlı xidmətlər komitəsinin üzvləri ABŞ prezidenti Donald Trump administrasiyasını sanksiyaları yubatdığına görə tənqid edib. Yanvarda Kremlə bağlı 210 varlı və nüfuzlu rusiyalının siyahısı açıqlanmışdı.

Coats-ın sözlərinə görə, maliyyə naziri Steven Mnuchin sanksiyaları bir həftə içində elan edəcək və ittiham irəli sürülmüş 13 rusiyalının bəziləri də həmin siyahıda olacaq. Xüsusi müşavir Robert Mueller həmin rusiyalıları 2016-cı il seçkisini pozmaq cəhdində suçlayıb.

Mueller-in ötən ay açıqladığı ittihamnamədə bildirilir ki, rusiyalı əməliyyatçılar və Rusiyanın 3 şirkəti amerikalı seçicilər arasında narazılıq səpməkdən ötrü sosial media kampaniyası təşkil ediblər, məqsəd də Trump-ın rəqibi, demokrat Hillary Clinton-u məğlub etməsinə yardım göstərmək olub.

Rusiya seçkiyə müdaxilə cəhdləriylə bağlı deyilənləri təkzib edir.