FHN və Sərhəd Xidmətində çalışanların da maaşı artdı

Arxiv fotosu

Fövqəladə Hallar Nazirliyində (FHN) və Dövlət Sərhəd Xidmətində (DSX) çalışanların maaşları artırılıb.

Prezident İlham Əliyev bu gün, martın 7-də bununla bağlı iki sərəncam imzalayıb

Sərəncamlardan biri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşlarının artırılması haqqındadır. Həmin sərəncamla qeyd olunan şəxslərin aylıq vəzifə maaşları martın 1-dən orta hesabla 10 faiz artırılır.

Başqa bir sərəncam isə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşlarının artırılmasını nəzərdə tutur.

Buna da bax: Azərbaycanda maaş, təqaüd və müavinətlər adətən nə zaman artır? [video]

Onların aylıq vəzifə maaşları da martın 1-dən 10 faiz artırılıb.

Xatırlatma

Son bir neçə həftə ərzində Azərbaycanda bəzi təqaüd, müavinət və əmək haqları artırılıb. Bu, ölkə başçısının fərman və sərəncamları ilə mümkün olub.

Maaşlar, müavinətlər 10, təqaüdlər isə 10 faizdən 70 faiz arasında artırılıb.

Bəzi ekspertlər, eləcə də müxalif siyasi qüvvə təmsilçiləri ölkə başçısının son sərəncam və fərmanlarının gec verildiyini düşünürlər. Onlar əmək haqlarının artırılmasını təqdir edirlər. Ancaq qeyd edirlər ki, ölkə başçısının növbədənkənar prezident seçkiləri öncəsində belə qərarlar verməsi həm də seçkidə səslərin əldə edilməsinə yönəlib.

Ancaq hakimiyyət tərəfdarları da deyirlər ki, belə addımlar, bir qayda olaraq, davamlı atılır. Üstəlik, bu fərman və sərəncamlar qanunvericiliklə ziddiyyət təşkil etmir.