İTV-də ödənişli təşviqat - 1 dəqiqəsi 3 min manat

İTV-də debatlar

Aprelin 11-nə təyin edilmiş prezident seçkilərində mediada ödənişli seçkiqabağı təşviqatın qiymətləri açıqlanıb. Mərkəzi Seçki Komissiyası (MSK) ona verilən qiymətləri təqdim edib.

MSK-nın açıqladığı bilgilərə görə, hələlik təşviqatda ən bahalı qiymətləri İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) qoyub.

İTV günün müxtəlif vaxtlarında ödənişli təşviqat təqdim edir.

Qiymətlərə gəlincə, İTV-də saat 11:50-də efirə çıxmaq istəyənlər 1 saniyəyə 20, 12:30 və 14:35-də 22, 16:50-də 24, 17:30-da isə 30 manat ödəməlidir.

Saat 18:40-da efirin bir saniyəsi 35 manata təklif olunur. Ən baxımlı zamanda - saat 20:20-də efirə çıxmağın bir saniyəsinin qiyməti isə nə az-nə çox, 50 manatdır. Prezidentliyə iddialı şəxs bu hesabla 1 dəqiqəlik çıxışa 3 min manat ödəməlidir. Üstəlik, bura ƏDV daxil deyil.

İctimai Radioda təşviqat çıxışı, materialının yayımlanmasının saniyəsi vaxtdan asılı olaraq 7-25 manat arasında dəyişir.

Rəsmi qəzetlər də ödənişli təşviqatın qiymətlərini MSK-ya təqdim ediblər. «Azərbaycan» və «Xalq Qəzeti»nin səhifələrindən öz platformalarını ictimaiyyətə təqdim etmək istəyən iddialılar hər kvadratsantimetrə 2 manat ödəməlidir. Adları çəkilən qəzetlərin hər həftə təşviqata 10 səhifə (5 səhifə ödənişli, 5 səhifə isə ödənişsiz ) yer ayıracağı bildirilir.

Seçki qanunvericiliyinə görə, növbədənkənar prezident seçkilərində kütləvi informasiya vasitələrində (KİV) namizədlərə ödənişsiz efir vaxtı və yer də ayrılacaq.

Ödənişsiz təşviqatdan ötrü İctimai Televiziya və Radio Yayımları Şirkəti, eləcə də «Azərbaycan», «Xalq qəzeti», «Bakinski raboçiy» qəzetləri yer ayırmalıdır.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçki prezident İlham Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, artıq 15-ə yaxın şəxsin namizədliyi irəli sürülüb. Onlardan hələlik dördünün namizədliyi qeydiyyata alınıb. Bunlar hazırkı prezident İlham Əliyev, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən deputat Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevdir.

Bir sıra müxalif qüvvələr isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Bəzi ekspertlər ödənişli təşviqat qiymətlərini Azərbaycan reallığında yüksək sayırlar. Onların fikrincə, əksər real müxalifət qüvvələrinin bu təşviqatdan yararlanmaq imkanları yoxdur.