Müxalifətin qadın fəalları da həbs olundu

Noyabrın 23-də Səbayel rayon Məhkəməsinin qərarıyla AXCP-nin iki nəfər qadın fəalı 3 sutkadan 5 sutkayadək həbslə cəzalandırılıb. Onlar həmin gün Prezident Sarayı qarşısında piket keçirməyə cəhd edərkən saxlanmışdılar. Həmin aksiya zamanı həbs olunan daha 9 nəfər AXCP üzvü də 15 sutka həbslə cəzalandırılıb. Aksiya zamanı saxlanmış 10-dan çox müxalifət fəalı isə cərimə edilərək azadlığa buraxılıb.

Noyabrın 23-də dörd müxalifət partiyasının birləşdiyi «Azadlıq» blokunun fəalları Prezident Sarayı qarşısında AXCP, «Azadlıq» qəzeti və daha bir neçə kütləvi informasiya vasitəsinin yerləşdiyi binadan çıxarılmasına, ölkədə söz azadlığının məhdudlaşdırılmasına etiraz piketi keçirməyə cəhd etmişdi. Amma polis Prezident Sarayına gedən yolda - metronun «Bakı Soveti» stansiyasının çıxışında onların qarşısını kəsərək piketi dağıtmış, bir neçə nəfəri döymüş və çox sayda aksiya iştirakçısını saxlamışdı.


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi adı çəkilən partiya və media orqanlarını icarə haqqını ödəməməkdə ittiham edərək məhkəmədən onların yerləşdikləri şəhərin mərkəzindəki binadan çıxarılmasını tələb edir. Bu iş üzrə mübahisə noyabrın 24-də məhkəmədə araşdırılacaq.