Namizədlərin sənəd vermə müddəti başa çatır

Seçki plakatı

Bu gün, martın 12-də növbədənkənar prezident seçkisi ilə bağlı namizədin qeydə alınmasından ötrü zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsinə ayrılmış vaxt başa çatır.

Seçki Məcəlləsinin tələblərinə görə, prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50, ən azı 30 gün qalana və saat 18:00-dək zəruri olan seçki sənədlərini MSK-ya təqdim etməlidir. Bu isə fevralın 20-dən martın 12-si saat 18:00-dək olan dövrü əhatə edir.

MSK-dan verilən məlumata görə, indiyədək 15-ə yaxın şəxsin namizədliyi irəli sürülüb. Onlardan hələlik 7 nəfərin prezidentliyə namizədliyi qeydiyyata alınıb. Bunlar hazırkı dövlət başçısı İlham Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Qüdrət Həsənquliyev, Azərbaycan Sosial Demokrat Partiyası sədri Araz Əlizadə və Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbəri Fərəc Quliyevdir. «Cəbhəçilərin təşəbbüs qrupu»nun namizədi Razi Nurullayev, deputat Zahid Oruc və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də onların arasındadır.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İ.Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.

Dövlət başçısı İ.Əliyev isə son çıxışlarının birində qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə əmin olduğunu bildirib. Eyni sözləri MSK sədri Məzahir Pənahov da dilə gətirib.