Rusiya “hipersonik” raketi uğurla sınaqdan keçirdiyini deyir. Bu ayın əvvəlində prezident Vladimir Putin həmin raketin səsdən 10 dəfə sürətli olduğunu iddia edirdi.
Birləşmiş Ştatların müdafiə naziri Jim Mattis isə Putin-in sözlərinin “seçki ritorikası”ndan başqa bir şey olmadığını deyirdi.
Kinzhal (Xəncər) raketi Rusiyanın Cənub Hərbi Dairəsində aerodromdan MiG-31 təyyarəsindən buraxılıb. Məlumatı martın 11-də Rusiya Müdafiə Nazirliyi açıqlayıb.
*** Buna da bax: Putin hansı silahlarla qürrələnib?
“RAKET HƏDƏFƏ DƏYİB”
Nazirliyin yaydığı videoda iki pilotun uçuşa hazırlaşdığı, daha sonra korpusu altında böyük raket yerləşdirilmiş təyyarəyə doğru qaçdığı görünür. Sonradan videoda təyyarədən raketin ayrıldığını və göyə qalxdığını göstərən görüntülər yer alıb.
“Raketin buraxılması plana uyğun həyata keçib, səsdən sürətli raket sınaq meydançasındakı hədəfə dəyib”, – nazirlik bildirir.
Putin martın 1-də xalqa müraciətində bir sıra yeni silahları sərgiləmişdi, Kinzhal da onlardan biri idi.
Bu raket 2 min kilometr məsafəyə nüvə və adi silah başlıqları daşıya bilər. Rusiya prezidenti deyirdi ki, havadan müdafiə sistemləri bu raketi tuta bilməz.
Çıxışı zamanı rəngli qrafika və videodan istifadə edən Putin nüvə enerjili qanadlı raket və yüksək sürətli sualtı dronların da sınaqdan keçirildiyini, onları da tutmağın mümkünsüz olduğunu demişdi.
*** Buna da bax: Rusiyanın “axirət silahı” bu imiş?
Putin-in sözlərinə görə, ölkəsi “Sarmat” adlı yeni ağır qitələrarası ballistik raketi də sınaqdan keçirib.
“HƏRBİ BALANSI DƏYİŞMƏYİBLƏR”
Mattis isə martın 11-də deyib ki, Putin-in sözləri “seçki ritorikası”dır.
“Sizə bircə onu deyərdim ki, Rusiyanın hərbi qabiliyyətində dəyişiklik görməmişəm”, – müdafiə naziri Omana səfəri zamanı danışıb. O, Putin-in barəsində danışdığı sistemlərin əldə olunması üçün “illər gərəkdiyini” söyləyib.
“Onların hərbi balansı dəyişdiyini müşahidə etməmişəm”, – nazir vurğulayıb.
*** Buna da bax: Merkel, Trump Putin-in yeni silah iddialarından narahatdır
Putin daha öncə də oxşar bəyanatlar verib. Hərbi analitiklərin fikrincə, detallı informasiyanın olmaması onun silahlar barədə dediklərini dəyərləndirməyi çətinləşdirir.