Səfirlik: 'ABŞ Dağlıq Qarabağ rejimini tanımır'

Robert Sekuta

«ABŞ Dağlıq Qarabağ rejimini tanımır».

«Turan» agentliyinin xəbərinə görə, ABŞ-ın Bakıdakı səfirliyi Qarabağ separatçılarının lideri Bako Saakyanın Vaşinqtona səfəri ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) etiraz notası ilə bağlı sorğunun cavabında belə bildirib.

***Buna da bax-Səfir: 'ABŞ şəffaf seçkilərin tərəfdarıdır'

«ABŞ-ın mövqeyi dəyişməyib. ABŞ, o cümlədən Ermənistan da daxil olmaqla digər ölkələr de-fakto Dağlıq Qarabağ rejimini tanımır. Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupu həmsədrlərinin prosesini dəstəkləyir. Münaqişənin Helsinki Yekun Aktının prinsipləri: gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetməyə əsaslanan danışıqlar yolu ilə həll olunmasından ötrü səylərini davam etdirəcək», – səfirliyin şərhində vurğulanır.

ABŞ səfiri XİN-ə çağrılıb

ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb. Ona Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan separatçı rejimin prezidenti Bako Saakyanın ABŞ-a səfərinə razılıq verilməsi ilə əlaqədar etiraz notası təqdim edilib.

AzərTAC-ın xəbərinə görə, bu haqda XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Xarici İşlər Nazirliyinin notası ABŞ Dövlət Departamentinə ünvanlanıb. Notada vurğulanır ki, B.Saakyanın Azərbaycan ərazilərinin işğalını dəstəkləməkdən ötrü ABŞ-da maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsi beynəlxalq hüquqa, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə ziddir.

***Buna da bax-Sarkisyan: 'Deyirsiz ki, Qarabağ sizə ermənilərsiz lazımdır. Bu, heç vaxt olmayacaq'

Sənəddə ABŞ-ın bu addımı ikili standartların təzahürü kimi qiymətləndirilib.

«Bir tərəfdən münaqişənin danışıqlar yolu ilə həllinə çağırış, digər tərəfdən qondarma rejimin təbliğinə imkan yaratması və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə göz yumması ABŞ-ın obyektivliyi barədə ciddi suallar yaradır», - H.Hacıyev bildirib.

Onun fikrincə, bu addım danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir, regionda gərginliyin artmasına xidmət edir.

B.Saakyanın Vaşinqtona səfərinin yaxın günlərdə gerçəkləşəcəyi gözlənir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Azərbaycan və dünyanın heç bir ölkəsi Dağlıq Qarabağda yaranan separatçı rejimi rəsmən tanımır.