Keçmiş casusu Rusiya 'zəhərləməyib'

İnsidentin baş verdiyi yerdə polis növbə çəkir

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Moskvanın keçmiş casus Sergei Skripal və qızının Britaniyada zəhərlənməsində əli olmadığını deyir.

Lavrov Britaniyanın martın 13-də günün sonunadək izahat vermək tələbinə də əməl edilməyəcəyini deyib. London Moskvadan Skripal və qızının zəhərlənməsində sinir qazından necə istifadə olunmasına açıqlama istəyib.

Əlbəttə, ultimatumu eşitmişik”, – deyən Lavrov Britaniyanın iddia olunan kimyəvi hücumla bağlı ittihamları səsləndirərkən müvafiq prosedurlara əməl etmədiyini, Moskvaya bu işlə əlaqədar materialları verməkdən imtina etdiyini deyib.

Artıq bütün bunların cəfəngiyat olduğunu açıqlamışıq. Bununla heç bir bağlılığımız yoxdur”, – Lavrov deyib.

***

Birləşmiş Ştatlar keçmiş casus Sergei Skripal-ı Britaniyada Rusiyanın zəhərləməsi ehtimalından “qəzəblənib”. Bunu ABŞ dövlət katibi Rex Tillerson deyib və xəbərdarlıq edib ki, Moskva bu işlə əlaqədar müttəfiqlərin reaksiyası ilə “mütləq” üzləşəcək.

“Britaniyanın apardığı istintaq, ötən həftə Solsberidəki sinir qazı hücumuna görə Rusiyanın məsuliyyət daşıma ehtimalıyla bağlı dəyərləndirməyə tam inanırıq”, –Tillerson martın 12-də axşam yaydığı bəyanatda bildirib.

Rex Tillerson, arxiv fotosu

Bu bəyanatdan bir neçə saat öncə isə Britaniyanın baş naziri Theresa May bildirib ki, Rusiyanın 4 mart hücumu arxasında durması ehtimalı “çox böyükdür”.

Hazırda Skripal və qızı xəstəxanada ağır durumdadır.

“AÇIQ SAYQISIZLIQ”

Belə bir hücum əsaslandırıla bilməz – suveren ölkənin torpağında vətəndaşa sui-qəsd cəhdi olunur. Rusiyanın yenidən belə bir hərəkətə dəxli olmasından qəzəbliyik”, – Tillerson söyləyib.

Ukraynadan tutmuş Suriyayadək, indi də Britaniya torpağında Rusiya dünyadakı sabitsizliyin məsuliyyətsiz qüvvəsi kimi qalmaqdadır, digər ölkələrin suverenliyinə, vətəndaşlarının həyatına açıq sayqısızlıq göstərir”, – o vurğulayıb.

Tillerson Britaniyadakı müttəfiqləriylə həmrəy olduqlarını, reaksiyalarını sıx koordinasiya edəcəklərini deyib.

*** Buna da bax: Litvinenko-nun xanımı: 'Britaniya ərimin qətlindən nəticə çıxarmayıb'

Dövlət katibi Novichok adlı hərbi dərəcəli sinir qazından istifadəyə qarşı birgə cavab addımı atılacağını bildirib. Bu qaz Soyuq Müharibə dövründə Rusiyada hazırlanıb.

Tillerson-la yanaşı digər müttəfiqlər də oxşar bəyanatlar səsləndiriblər. NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, “Britaniya yüksək dəyər verilən müttəfiqdir və bu insident NATO-nu bərk narahat edir. İstənilən sinir qazından istifadə dəhşətlidir və tamamilə qəbuledilməzdir”.

SƏFİRDƏN İZAHAT TƏLƏB OLUNUB

Fransa prezidenti Emmanuel Macron May-ə telefon zəngində “Britaniya ilə həmrəylik” ifadə edib.

Britaniya rəsmiləri martın 12-də Moskvanın Londondakı səfirini çağırıb ondan martın 13-də günün sonunadək izahat tələb ediblər – bu ölümcül kimyəvi maddə Britaniyaya necə yol tapıb və keçmiş casusa qarşı necə istifadə olunub.

İstefada olan Rusiya hərbi kəşfiyyat polkovniki Skripal 2006-cı ildə Moskva hərbi məhkəməsində “vətənə xəyanət”də, sirləri Britaniya kəşfiyyat orqanlarına ötürməkdə təqsirli bilinib. O, 2010-cu ildə Birləşmiş Ştatlardan saxlanmış 10 rusiyalı agentlə dəyişdirilmiş 4 rusiyalı məhkumdan biri idi.

Britaniyanın baş naziri Theresa May parlamentdəki çıxışında deyib ki, keçmiş casusun martın 4-də zəhərlənməsinin iki mümkün səbəbi var. Onun sözlərinə görə, bu ya Rusiya dövlətinin birbaşa göstərişi ilə baş verib, ya da Moskva sözügedən zəhərli maddə üzərində nəzarətə malik deyil.

*** Buna da bax: Britaniya Moskvanı ittiham edir

May deyib ki, heç bir etibarlı cavab olmasa, bu hərəkət Britaniya torpağında Rusiya tərəfindən gücdən qanunsuz istifadəyə bərabər sayılacaq.

Torpağımızda günahsız vətəndaşların qətlinə həyasız cəhdə dözümlülük göstərməyəcəyik”, – o söyləyib.

“TƏSADÜF EHTİMALI ÇOX AZDIR”

Rusiya Xarici İşlər Nazirliyi isə May-in ittihamlarını dərhal pisləyib, bunların provokasiyaya söykəndiyini, siyasi motivli olduğunu deyib.

Bu, Britaniya parlamentində gedən sirk tamaşasıdır”, – XİN-in sözçüsü Maria Zakharova TASS agentliyinə deyib.

Tillerson bəyanatından öncə britaniyalı həmkarı Boris Jonhson-a zəng edərək zəhərlənmə hadisəsini onunla müzakirə edib. Dövlət katibi Afrikadan Vaşinqtondan qayıdarkən jurnalistlərlə söhbətində deyib ki, May-in dəyərləndirməsiylə razıdır – keçmiş casusa hücum edənlər Rusiyada hazırlanan sinir qazından istifadə ediblər.

Bunun Rusiyadan gəldiyi aydındır. Bundan Rusiya hökumətinin xəbəri olubmu, yoxsa yox – hazırda bu haqda bilgim yoxdur”, – Tillerson söyləyib.

Rusiya hökumətinin Novichok ehtiyatına nəzarəti itirməsi və hansısa qatillərin ondan Skripal-a qarşı istifadə etməsinin təsadüfən baş verməsi ehtimalı çox azdır”, – rusiyalı təhlilçi Mark Galeotti Twitter-də yazıb.