İpək Yoluna Dəstək Qrupunun konfransı keçirilir

Konfrans

Bu gün, martın 13-də Bakıda «İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu» mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, konfrans Azərbaycan Milli Məclisinin və ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun təşkilatçılığı ilə keçirilir.

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib ki, konfrans çərçivəsində «Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin möhkəmləndirilməsi», «Nəqliyyat və logistika prosedurlarının sadələşdirilməsi», «Etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği» mövzularında panel iclaslar keçiriləcək.

İki gün davam edəcək konfransın yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.

ATƏT PA-da İpək Yoluna Dəstək Qrupu Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılıb. Qrupa 20-dən çox ölkə daxildir.

ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tsereteli də konfransda iştirak edir.

Martın 12-də Azərbaycana gələn G.Tsereteli prezident İlham Əliyev və xarici işlər naziri ilə görüşüb.