Dövlət orqanlarında 24 vakant yerə müsahibə keçirilir

İmtahan

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün, martın 14-dən 7 dövlət orqanında inzibati vəzifələrin A və B növü üzrə 24 vakant vəzifənin tutulması məqsədilə ümumi müsahibə elan edib.

Bu barədə DİM-in yaydığı məlumatda bildirilir.

Ümumi müsahibəyə çıxarılan vəzifələrdən 5-i A növü - inzibati rəhbər vəzifələr üzrədir. Onlardan 3-ü Əmlak Məsələləri Dövlət Komitəsində, 1-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 1-i də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindədir. 19-u isə B növü – inzibati icraçı vəzifələrə aiddir. Bunlar da müxtəlif dövlət qurumlarındadır.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin müdir müavini də var.

Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində sektor müdiri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifələri də tutulmayıb.

Ümumi müsahibəyə çıxarılan bu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya başqa dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən şəxslər iştirak edə bilərlər. Habelə, inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər müsahibəyə qatıla bilərlər.

Ümumi müsahibədə iştirak etmək istəyən şəxslər sənədlərini aprelin 16-sı saat 18:00-dək Dövlət İmtahan Mərkəzinə şəxsən və ya poçt xidməti vasitəsilə təqdim etməlidirlər.