Kreml Britaniyanın keçmiş casusun zəhərlənməsiylə bağlı ittihamlarına boyun əymir. Rusiya Xarici İşlər Nazirliyi Britaniyanın baş naziri Theresa May-in bu işdə Moskvanın əli olması ehtimalına dair səsləndirdiyi fikirləri “sirk tamaşası” adlandırıb. Keçmiş casus Sergei Skripal və qızına qarşı istifadə olunmuş zəhərin Rusiyadan gəlməsinə dair sübut yoxdur. Xarici işlər naziri Sergei Lavrov belə deyib.
“The Guardian” qəzetində Luke Harding və Andrew Roth yazırlar ki, Skripal və qızını öldürmək istəyənlər daha incə silah da seçə bilərdilər, amma əvəzində 1970-80-ci illərdə Moskvada hazırlamış Novichok hərbi sinir qazına əl atırlar.
*** Buna da bax: Rusiya keçmiş casusun zəhərlənməsiylə bağlı 'sualları cavablandırmalıdır'
Rusiya xüsusi xidmətinin bir keçmiş əməkdaşı deyib ki, sinir qazlarından yalnız diqqət çəkmək istəyəndə istifadə olunur. “Bu, çox çirkli metoddur. Digərlərini zəhərləmə riski var və əlavə çətinliklər yaradır. Peşəkarlar daha incə metodlara əl atırlar”, – o, “Kommersant” qəzetinə söyləyib.
“Başqa sözlə, novichok mənfur vizit kartıdır. Bunu təşkil edənlər işin birbaşa Moskvaya yönələcəyini bilirdilər. Bu insident hətta hökumətin hərbi tədqiqat bazası yaxınlığında baş verib, buna dərhal reaksiya verilib, maddə müəyyənləşdirilib”, – müəlliflər yazır və sual edirlər ki, bütün bunlar Vladimir Putin və FSB-nin Britaniyayla qarşıdurma yaratmaq istədiyini göstərir. Niyə indi?
SEÇİCİ FƏALLIĞI
Məqalədə bir neçə ssenaridən söz açılır. Ən qabarığı bu bazar günü Rusiyada keçiriləcək prezident seçkisidir. Putin-in qələbəsi təmin olunmuş kimidir, heç özünə əziyyət verib güclü kampaniya da aparmayıb. Di gəl, Kreml seçici fəallığından narahatdır. Seçkiyə buraxılmamış müxalifətçi Alexei Navalny seçkini boykot etməyə çağırıb. Axı, hakimiyyət seçkinin gerçək görünməsini istəyir.
*** Buna da bax: Tillerson gedir, Pentaqon İranla nüvə sazişini dəstəkləyir
“Bir neçə gün ərində dövlət telekanalları belə bir mesaj verəcəklər: Moskva yenə də Qərb konspirologiyasının qurbanıdır. Mühasirədə olan Rusiya Kremlin sevimli mövzusudur. Qərblə münaqişə bəhrə verə bilər. Krımın ilhaqından sonra Putin populyarlığını saxlaya bilib. Baxmayaraq ki, Qərb bu addımı pisləyib və Moskvaya sanksiyalar tətbiq edib. Patriotizm dalğası Rusiya müxalifətində də parçalanma yaratdı”, – məqalədə deyilir.
Müəlliflər Londonla mübahisənin Putin-ə ziyan vurmayacağını, bunun özəlliklə də prezidentin millətçi baxışlarını bölüşən seçicilər arasında baş verməyəcəyini yazırlar.
Britaniya xarici işlər nazirliyinin keçmiş aparıcı müşavirinin deməsinə görə, Skripal-ın MI6 kəşfiyyat idarəsi üçün casusluq fəaliyyətinin onun zəhərlənməsinə səbəb olduğunu düşünmək yanlışdır. Skripal, sadəcə, “ bir alətdir”, əsl hədəf Britaniyadır. “Məncə, bu, Skripal-a görə deyildi, geosiyasi müdaxiləydi”, – deyən müşavir əlavə edib ki, Moskvanın niyyəti Britaniyanın zəifliyini və təcrid durumunda olduğunu sərgiləmək, “bizimlə başqa ölkələr arasında parçalanma yaratmaq idi. Kreml bilir ki, bu cür müdaxilələr hansı halda edilsə, ciddi kollektiv reaksiya doğurmaz“.
Müşavirin fikrincə, May adekvat reaksiya verə bilməsə, zəif görünəcək. Rusiyaya qarşı tədbirlərə əl atsa, kollektiv həmrəyliyin limitlərini görəcək.
VARLI MÜHACİRLƏR VƏ ... MUELLER-LƏ ƏMƏKDAŞLIQ
Digər nəzəriyyələr də var. Boris Akunin təxəllüsü ilə detektiv romanlar yazan Grigol Chkhartishvili deyir ki, Putin Britaniyanın cavab addımları sırasında varlı və tanınmış rusiyalıların Londondan çıxarılacağına ümid edib. Rusiya mühacirləri “rejimin zəif nöqtələrindəndir” və onların ölkədən çıxarılması Putin-ə “fayda” verər.
*** Buna da bax: Keçmiş casusu Rusiya 'zəhərləməyib'
Bu arada keçmiş casusun zəhərlənməsinə Avropa Birliyi ölkələrindən sərt reaksiya gəlib. Çərşənbə axşamınadək susan ABŞ prezidenti Donald Trump baş nazir Theresa May-ə zəng edərək ona dəstəyini bildirib.
ABŞ administrasiyasından bircə dövlət katibi Rex Tillerson Rusiyanın hadisəyə görə məsuliyyət daşıması ehtimalını səsləndirib və… vəzifədən kənarlaşdırılıb: “Bu da onu göstərir ki, May vaxtilə Britaniyanın yaxın müttəfiqi olmuş ABŞ-dan ya çox az dəstək alacaq, ya da heç almayacaq”.
“Skripal hücumunun ölkəiçi effekti də var. Rusiyanın casus agentliklərində, bürokratiyasında Qərb kəşfiyyatıyla əməkdaşlığı ağlına gətirən hər kəsə bir mesaj göndərir: dövlət istədiyi zaman, ən qəddar yolla cəzanı kəsə bilər. Bundan ailən də əziyyət çəkir”, – məqalədə deyilir.
Müəlliflər Moskvanın 2016-cı il prezident seçkisində Trump-ı dəstəkləməkdən ötrü böyük gizli əməliyyat apardığını yazırlar. Bu əməliyyatın miqyasını yalnız Putin və başda duran rəsmilər bilir. Buraya kəşfiyyat zabitləri, kiber-kriminallar, peşəkar trollar cəlb olunub: “ABŞ-da bu məsələni araşdıran xüsusi müşavir Robert Mueller-lə əməkdaşlıq fikrinə düşənlər yaxşıca düşünməli olacaqlar”.