Keçmiş nazirə 10 il həbs cəzası kəsildi

Quandyq Bishimbaev

Astanada məhkəmə keçmiş iqtisadiyyat naziri Quandyq Bishimbaev-i 10 il həbsə məhkum edib. O, rüşvətxorluq və mənimsəmədə təqsirli bilinib.

Martın 14-də keçirilən prosesdə Bishimbaev-lə yanaşı 22 təqsirləndirilən 2 ildən 7 ilədək həbsə məhkum edilib, digərləri cərimələnib və buraxılıb.

37 yaşlı Bishimbaev ötən ilin yanvarında, prezident Nursultan Nazarbaev onu işdən çıxarandan bir neçə həftə sonra həbs olunub.

O, Bayterek dövlət holdinqinin rəhbəri vəzifəsində olarkən rüşvət almaqda ittiham olunub.

Bishimbaev oktyabrda məhkəmə başlananda özünü təqsirli bilməyib, digər təqsirləndirilənlər isə günahlarını boyunlarına alıb.

Yanvarda başlanan prosesdə keçmiş nazir Nazarbaev və xalqdan üzr istəyib, amma yenə də qanunsuz bir iş görmədiyini söyləyib.