VI Qlobal Bakı Forumu başlayıb

Bakı Qlobal Forumu. Foto arxiv

Bu gün, martın 15-də «İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması» mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və onun xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.

Forumda həmçinin, Albaniya prezidenti İlir Meta, Makedoniya prezidenti George İvanov, Moldova prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin baş naziri Binəli Yıldırım və xarici işlər naziri Mövlud Çavuşoğlu iştirak edirlər. Fələstinin baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic və Rumıniya baş nazirinin müavini Ana Birçall də qonaqlar arasındadır.

Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb

Daha sonra Azərbaycan prezidenti İ.Əliyev tədbirdə nitq söyləyib.

Üç gün davam edəcək bu tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndənin qatıldığı bildirilir.

Forum çərçivəsində martın 18-i və 19-da VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək sammitdə milli inkişafda, mədəni irsin qorunmasında kitabın əhəmiyyəti müzakirə olunacaq.

Qlobal Bakı Forumu 2013-cü ildən fəaliyyətə başlayıb. Forumun təşkilatçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir.