Həkim-siyasətçi işinə qayıda bilmir

Illüstrasiya

Bir müddət öncə Bakı Şəhər Təcili Yardım Stansiyasında işdən çıxarıldığını bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov Ali Məhkəməyə üz tutur. Aşağı məhkəmələr siyasətçi-həkimin şikayətini rədd edib.

Bu haqda onun özü bildirirb.

İşdən qanunsuz çıxarıldığını iddia edən H.Rüstəmov əvvəlcə Nəsimi Rayon Məhkəməsinə üz tutub. Ötən ilin noyabrında rayon məhkəməsi H.Rüstəmovun işdən uzalaşdırılmasını haqlı hesab edib.

“Bakı Apelyasiya Məhkəməsinə şikayət vermişdim. Dünən (16 mart) hakim Elnur Həsənovun sədrlik etdiyi məhkəmə heyəti Nəsimi məhkəməsinin qərarını qüvvədə saxladı”, deyən H.Rüstəmov apellyasiya instansiyasının qərarının ondan ötrü təəccüblü olmadığını bildirib.

“Çünki mənim siyasi sifarişlə işdən azad olunmağım tam aydın idi. Hakimiyyət hesab edir ki, dövlət sektorunda çalışan ya hakimiyyət partiyasının üzvü olmalıdır, ya da ölkədə baş verən haqsızlıqlara laqeyd qalaraq heç bir siyasi etiraza qatılmamalıdır”.

Həsrət Rüstəmov Ali Məhkəməyə şikayət edəcəyini, hüquqları bərpa olunmazsa, Avropa İnsan hüquqları Məhkəməsinə üz tutacağını bildirib.

H.Rüstəmov bundan əvvəl isə AzadlıqRadiosuna ötən il oktyabrın 3-də müxalifətin mitinqində iştiraka görə, Səbail Rayon Polis İdarəsində sorğu-sual edildiyini açıqlamışdı. Daha sonra daçalışdığı Bakı Şəhər Təcili Yardım Stansiyasından çıxarıldığını açıqlamışdı.

Onda bu məsələyə rayon polisindən hər hansı münasibət almaq mümkün olmamışdı.

H.Rüstəmov işdən çıxarılmasının siyasi sifariş olduğunu bildirmişdi.

Ancaq Bakı Şəhər Təcili Yardım Stansiyası H.Rüstəmovun siyasi sifarişlə işdən çıxarılması fikrini qəbul etmir, onun əmək intizamını pozduğunu iddia edib.

XATIRLATMA

Bundan başqa da müxalif partiya təmsilçiləri siyasi baxışlarına görə işdən çıxarılmaları ilə bağlı şikayətlər dilə gətiriblər.

Demokratik Qüvvələrin Milli Şurası ötən ilin aprelində Bakıda etiraz aksiyası keçirmişdi. Həmin aksiyadan sonra Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvi olan bir neçə müəllimin işdən kənarlaşdırıldığı bildirilirdi. Onlardan ikisi Əflatun Əhmədzadə və onun xanımı sonradan məhkəmə qərarı ilə işlərinə bərpa ediliblər. Hər iki müəllim Neftçala rayonundakı məktəblərdə müəllim işləyirlər. Rayon təhsil şöbəsindən onların tədris qaydalarını pozduqları, siyasi loyallıq prinsipinin ziddinə olaraq, hakimiyyəti tənqid etdikləri açıqlanmışdı.