İranda sufi ölümə məhkum edilib

Mohammad Salas-ın məhkəməsi, arxiv fotosu

İranda sufi liderin tərəfdarına ölüm cəzası kəsilib. O, ötən ay avtobusu polis əməkdaşlarının üzərinə sürərək üç nəfəri öldürməkdə təqsirli bilinib.

Bu insident Tehranda ötən ay – Gonabadi sufilərinin lideri Nourali Tabandeh-in tərəfdarlarıyla təhlükəsizlik qüvvələri arasındakı toqquşma zamanı baş verib.

IRNA rəsmi xəbər agentliyi martın 19-da yazıb ki, məhkum Mohammad Reza Salas 20 gün ərzində apelyasiya şikayəti verə bilər.

Salas ötən həftə məhkəmədə deyib ki, polis əməkdaşlarını qəsdən öldürməyib, o, toqquşma ərazisindən uzaqlaşmağa çalışırmış.

90 yaşlı Tabandeh-in tərəfdarları onun Tehrandakı evi yaxınlığında oturaq aksiya keçirmişdilər, polisin onu saxlaya biləcəyindən narahat idilər. Hakimiyyət isə belə bir niyyətinin olmadığını deyirdi.

Sufilik İranda qanunsuz sayılmır, ancaq insan haqları qrupları hökuməti bu islam təriqəti ardıcıllarını təqib etməkdə suçlayırlar.