Uber taksi şirkəti sürücüsüz avtomobillərin sınağını dayandırıb. Bu avtomobillər ilk dəfə ölümlə nəticələnən qəza törədib.
Martın 18-də axşam Arizonanın Tempe şəhərində avtonom rejimdə gedən, sükan arxasında operatorun olduğu Uber maşını bir piyada qadını vurub. Polis 49 yaşlı qadının yolu piyada xəttindən kənar keçdiyini bildirib. O, xəstəxanada vəfat edib.
Uber rəhbəri Dara Khosrowshahi Twitter-də başsağlığı verib və bildirib ki, San-Fransiskoda mənzillənən şirkət təhqiqatla bağlı yerli hüquq-mühafizə orqanlarıyla işləyir.
Ford və General Motors şirkətləri də sürücüsüz avtomobillərin hazırlanmasına böyük vəsait ayırır. Həmin maşınların da qəza törətdiyi hallar olub.
ABŞ-da bir çox ştatlar bu sınaqları alqışlayıb.