Azərbaycan-Makedoniya oyununda yenilik

Hakim

Futbol üzrə Azərbaycan və Makedoniya yığmalarının Türkiyənin Antalya şəhərində keçiriləcək yoldaşlıq oyununda VAR (Video Assistant Referee) sistemi tətbiq olunacaq.

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) məlumatında bildirilir.

Məlumatda Türkiyə Futbol Federasiyasının (TFF) bununla əlaqədar hər iki ölkənin ali futbol qurumuna müraciət etdiyi bildirilir.

«Hər iki milli assosiasiya TFF-nin müraciətini müsbət cavablandırıb», - məlumatda vurğulanır.

Azərbaycan və Makedoniya yığmalarının oyunu martın 27-də keçiriləcək. Azərbaycan millisi martın 30-da da Antalyada Moldova yığması ilə qarşılaşmalıdır.

VAR sisteminin tətbiqi barədə qərar 2017-ci ildə qəbul edilib. Artıq Avropanın bir sıra aparıcı ölkələrinin milli çempionatlarında (İtaliya, Almaniya) bu sistem tətbiq edilib. Bu sistemə görə, əsas hakim oyunda baş verən və oyunun gedişinə təsir edəcək mühüm məqamlarla bağlı, xüsusilə də mübahisələr olanda video-görüntüləri izləyərək bu barədə verdiyi qərara yenidən baxır. Amma bu sistem futbolda tam olaraq qəbul edilməyib.

VAR sisteminin əleyhinə olanlar da var. Onlar düşünür ki, bu sistemin tətbiqi oyunun təbiiliyini və sürətini aşağı salır.