“Gecə Canavarları” “Rusiya Balkanları” turuna çıxır

"Gecə Canavarları" Sid şəhərində

Martın 20-də Rusiyanın “Gecə Canavarları” motosiklet klubu “Rusiya Balkanları” adlandırdıqları tura Serbiyanın Sid şəhərindən başlayıblar.

Qrup üzvləri yerli motosiklet klublarıyla görüşdən sonra 2-ci Dünya Müharibəsində öldürülmüş əsgərlərin xatirə abidəsinə və Pravoslav kilsəsinə baş çəkiblər.

Rusiya prezidenti Vladimir Putin-ə yaxınlığıyla seçilən “Gecə Canavarları” Ukraynanın şərqində rusiyapərəst separatçılara dəstəyə görə Qərbin sanksiyaları altındadır.

Klub daha öncə siyasi baxımdan provokativ sayıla biləcək bir sıra yürüşlər keçirib. Ancaq Balkan turunun siyasi gündəminin olub-olmaması bəlli deyil. Qrup bildirir ki, Rusiyanın Balkanlardakı tarixini və irsini öyrənmək istəyir.

Bu tur Moskvanın regionda təsirini gücləndirmək cəhdlərinə dair Qərbin kəşfiyyat rəsmilərinin açıqlamalarıyla eyni vaxta düşür. Bosniya rəsmilərinin fikrincə, turun məqsədi qeyri-serbləri qorxutmaqdır. 1990-cı illərdə burada qanlı etnik müharibə başlayıb.

“Gecə Canavarları”nın liderlərinin Bosniyaya girməsi qadağan olunub.