MSK-da MDB-dən gələnlərlə görüş olub

Məzahir Pənahov

Martın 21-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərini izləmək məqsədi ilə gələn Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminskinin başçılıq etdiyi heyət ilə görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAC-a bildiriblər ki, Məzahir Pənahov qonaqları seçki prosesi ilə bağlı məlumatlandırıb və onları maraqlandıran suallara cavab verib.

Görüşdə həmçinin, seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində ümumilikdə 8 şəxsin namizədliyi qeydə alınıb. Bunlar Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və «Cəbhəçilərin təşəbbüs qrupu»dan Razi Nurullayevdir. Habelə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin də namizədliyi qeydə alınıb.

Ümumilikdə 15-ə yaxın şəxs namizədliyini irəli sürmüşdü.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, azad və ədalətli seçkilərə şərait yoxdur.

Ancaq Mərkəzi Seçkilər Komissiyasının sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.