ABŞ, Avropa ölkələri İran məsələsində ehtiyatla danışır

Brian Hook

Birləşmiş Ştatlar Fransa, Britaniya və Almaniyayla İranın nüvə sazişinə əlavə razılaşmanın hazırlanmasıyla bağlı “konstruktiv” danışıqlar aparıb. ABŞ təmsilçisinin deməsinə görə, bu cəhd alınmasa, fövqəladə planlar da hazırlanır.

“Əlavə razılaşma üzrə avropalılarla konstruktiv danışıqlar apardıq, amma onlarla razılığa gəlib-gəlməyəcəyimizi proqnozlaşdıra bilmərəm”, – Dövlət Departamentinin siyasət direktoru Brian Hook martın 21-də jurnalistlərə deyib.

Fövqəladə planlar hazırlayırıq. Paralel iş aparırıq”, – deyən Hook detalları açıqlamayıb.

ABŞ prezidenti Donald Trump Avropa ölkələrini 2015-ci il nüvə sazişindəki “dəhşətli qüsurları düzəltməyə” çağırıb. O, əks halda ABŞ-ın İrana sanksiyalarının ertələnməsi müddətini uzatmayacağını bildirib. Bu, sazişə əsasən, İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində gerçəkləşdirilir.

Trump Avropa ölkələriylə razılaşmanın əldə olunması üçün mayın 12-ni son tarix qoyub.