Ukraynalı jurnalist casusluq işində təqsirsiz olduğunu deyir

Roman Sushchenko -nun sərgisi, 2017-ci il

Rusiyanın casusluqda ittiham etdiyi ukraynalı jurnalist Roman Sushchenko Moskvada başlanan məhkəməsində təqsirsiz olduğunu deyib. İnsan haqları fəalları bu işi siyasi motivli sayırlar.

Jurnalistin vəkili Mark Feigin Twitter-də yazıb ki, proses martın 27-də Moskva Şəhər Məhkəməsində başlanıb.

Ukrinform xəbər agentliyinin Parisdəki əməkdaşı Sushchenko 2016-cı ildə Moskvada saxlanıb, məxfi informasiya toplamaqda şübhəli bilinib.

Rəsmi Kiyev və insan haqları fəalları Rusiyanın bir neçə ukraynalını qondarma, siyasi ittihamla həbsə atdığını bildirir. Moskva 2014-cü ilin martında Ukraynanın Krım yarımadasını ilhaq edib və o vaxtdan Ukraynanın şərqindəki silahlı separatçıları dəstəkləyib.

Bir il öncə Avropa Parlamenti Rusiyanı həbsdə olan, yaxud azadlığı məhdudlaşdırılmış 30-dan çox Ukrayna vətəndaşını azad etməyə çağırıb. Siyahıda Sushchenko və kinorejissor, terror hücumları planlaşdırmaqda təqsirli bilinərək 20 illik həbsə məhkum edilmiş Oleh Sentsov da var.