Hakimiyyət və müxalifətin pambıq söhbəti-Media icmalı

Sizin brauzer HTML5-i dəstəkləmir

Hökümət işsizlik problemini necə həll edir?

Hökumətin pambıqçılığın inkişafı ilə bağlı yeni hədəfləri, hazırkı müxalifətin 1992-1993-cü illərdə hakimiyyətdə olduğu dövrdə pambıqçılığa aid göstəricilər və əmək bazarında iş axtarışları medianın aparıcı mövzularıdır...

Diplomlu iş axtaranlar

«Exo» qəzetində «Azərbaycanda həyat: diplom var, iş yoxdur» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkənin əmək bazarının durumunu «Xidmət-iş» Həmkarlar İttifaqı Federasiyasinin vitse-prezidenti Cəmaləddin İsmayılovla müzakirə edib.

Yazıda bildirilir ki, əmək bazarında durum ürəkaçan deyil. Müəllifin fikrincə, hazırda bazarda yetərli əməkhaqqı ödəniləcək iş tapmaq çox çətindir.

Yazıda vurğulanır ki, əmək bazarında hüquqşünasa, diplomata yox, santexnika, elektrik ustasına, dayəyə ehtiyac var. Müəllifə görə, elə bu səbəbdən də əmək bazarında tələblə təklif arasında kəskin fərq yaranıb.

«Azərbaycanda ixtisaslaşma tələb etməyən əməyə qayğı ilə yanaşmaq yoxdur. Ölkədə ali təhsil diplomuna malik şəxslər ixtisas tələb etməyən əmək bazarına daxil olurlar. Bu ona görə baş verir ki, bazar ali məktəb məzunları ilə dolub. Amma həmin sənətin peşə məktəblərinin məzunları yoxdur», - C.İsmayılov əmək bazarındakı durumu qəzetə belə şərh edib.

C.İsmayılov deyib ki, xüsusi ixtisaslaşma tələb etməyən əmək bazarında çalışanların 30 faizi ali təhsil diplomuna malik olan şəxslərdir. Vitse-prezidentə görə, Azərbaycanda bu sahədə daha bir mənfi hal yaradıcı insanlara ehtiramla yanaşılmamasıdır: «Bizdə yaradıcılıq nəzərə alınmır, hər şey şablon üzrə gedir. Bir çox ixtisasların, məsələn, mühəndislik kimi ixtisasın belə nüfuzu aşağı düşüb».

İ.Əliyev Sabirabadda pambıq plantasiyasında

Pambıqçılığın yeni hədəfləri

«Azərbaycan» qəzetində «Azərbaycan pambıqçılığın inkişaf tempinə görə dünyada lider ölkədir» sərlövhəli yazı dərc edilib.

Müəllif xatırladıb ki, bu günlərdə Bərdə rayonunda prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair müşavirə keçirilib və konkret hədəflər müəyyən edilib.

Yazıda bildirilir ki, 2015-ci ildə Bərdə rayonunda cəmi 3 min ton, 2017-ci ildə isə 21 min ton pambıq yığılıb. Müəllifin gəldiyi nəticəyə görə, bu, son iki ildə pambıqçılığa olan diqqətin göstəricisidir: «Bu müşavirələrdə verilən tapşırıqlar, qarşıya qoyulan hədəflər düzgün müəyyən edilib və mühüm nailiyyətlər qazanılıb. Son iki il ərzində pambıqçılığın bərpası istiqamətində görülən işlər bir daha bu sahənin çox böyük gələcəyinin olduğunu təsdiqləyib. «Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı» isə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə əlavə təkan verib».

Yazıda iddia olunur ki, 2017-ci il ölkədə iqtisadi inkişaf baş verib. Müəllifə görə, pambıq əkin sahələrinin 18 min 800 hektardan 140 min hektara çatdırılması, pambıq yığımının 35 min tondan 207 min tona yüksəldilməsi həmin inkişafın təsdiqidir: «Cari mövsümdə pambığın alış qiymətinin hər kiloqram üçün 0.10 AZN artırılaraq 0.60 AZN-ə çatdırılması, gübrələrə verilən güzəştlərin hər hektara 50 faiz, pestisidlərə verilən güzəştlərin isə 5 dəfə artırılması pambıqçıları sevindirib. Bu sahəni daha gəlirli və fermerlər üçün cəlbedici edib».

Müəllif iddia edib ki, ümumiyyətlə, əməktutumlu sahə olan pambıqçılığın inkişafı ilə bağlı ölkədə on minlərlə yeni iş yeri açılıb: «Son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxındır. Bu, əlbəttə ki, bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir».

C.Həsənli

«Pambıq istehsalı 1992-1993-cü illər səviyyəsinə çatmayıb»

Azadliq.info saytında «Kimdir antimilli və xəyanətkar?» sərlövhəli yazı yer alır.

Yazıda Milli Şuranın sədri Cəmil Həsənlinin fikirlərinə yer verilib. Bu yazıda isə bu günlərdə Bərdə rayonunda pambıqçılığın inkişafı ilə bağlı keçirilən məlum müşavirədə səslənən fikirlərə əks mülahizələr irəli sürülür. Həmin müşavirədə prezident İ.Əliyev1992-1993-cü illərdə mövcud olan AXC-Müsavat hakimiyyətini sərt tənqid edib. Prezident həmin çıxışında AXC-Müsavat cütlüyünü yarıtmaz və xəyanətkar fəaliyyətdə qınayıb. Ölkədə pambıqçılığın vəziyyətindən danışan dövlət başçısı deyib ki, AXC-Müsavat cütlüyü 1993-cü ildə Azərbaycanı dağılmaq təhlükəsi qarşısında qoymuşdu.

Müəllif isə yazıda bu ittıhamın həqiqətəuyğun olmadığını vurğulayıb. Onun fikrincə, bunu ancaq qarşısında opponent görməyən, iqtisadiyyatdan, ilk növbədə kənd təsərrüfatından aydın bilikləri və təsəvvürləri olmayan şəxs deyə bilər.

Daha sonra yazıda vurğulanır ki, Azərbaycanda son 50 ildə pambıqçılıq sahəsində ən aşağı göstərici 2009-cu ildə olub. Yazı müəllifi xatırladır ki, bu indiki prezıdent İ.Əliyevin hakimiyyətinin 6-cı ilinə təsadüf edir və həmin 2009-cu ildə 31.9 min ton pambıq yığılıb.

Müəllif müşavirədə «antimilli və xəyanətkar» adlandırılan AXC və Müsavat cütlüyünün hakimiyyətə olduğu 1992-93-cü illərdəki pambıq yığımı ilə bağlı göstəriciləri də nəzərə çatdırır: «Xəyanətkar və antimilli adlandırılan AXC-Müsavat hakimiyyəti dövrdə pambıq istehsalı nə qədər olub? Ölkədə hərbi əməliyyatların davam etdiyi 1992-ci ildə 336.3 min ton, ağır döyüşlərin getdiyi 1993-cü ildə isə 284.5 min ton təşkil edib».

Müəllifə görə, nə qədər müşavirə keçirilsə də, pambıq istehsalı 1992-1993-cü illər səviyyəsinə çatmayıb.