Azərbaycanın separatçıların əlində olan Dağlıq Qarabağ bölgəsində avtomobilin minaya dəyməsi nəticəsində partlayış baş verib, üç nəfər həlak olub. Avtomobil HALO Trust beynəlxalq minaların zərərsizləşdirilməsi təşkilatına məxsus imiş.
Dağlıq Qarabağın de fakto “səhiyyə nazirliyi”nin sözçüsü Maya Azatian AzadlıqRadiosu-na deyib ki, martın 29-da baş vermiş partlayışda maşında olan daha iki nəfər də yaralanıb.
HALO Trust-ın təmsilçiləri AzadlıqRadiosu-na deyiblər ki, ölənlərin və yaralıların hamısı yerli sakinlər olub.
HALO Trust Britaniya xeyriyyə qurumu və ABŞ-ın qeyri-hökumət təşkilatıdır. Əsasən, torpaq minalarının zərərsizləşdirilməsi yönündə işləyir.
Erməni separatçıları 1988-ci ildə Dağlıq Qarabağın Azərbaycandan ayrıldığını elan ediblər. 1994-cü ilədək davam etmiş müharibədə 30 minədək adam həlak olub, yüzminlərlə yerli sakin evindən didərgin düşüb.
Münaqişənin həllinə yönəlik diplomatik cəhdlər nəticəsiz qalıb.