Bakıda vulkan püskürüb

Vulkan püskürməsi

Dünən, martın 29-u saat 21:10 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Ayrantökən palçıq vulkanında püskürmə baş verib.

Bu barədə bu gün, martın 30-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, 7 dəqiqəyə qədər davam edən püskürmə alovla müşayiət olunub və alov sütunu vulkanın kraterindən təqribən 100-150 metr yüksəkliyə qalxıb.

«Vulkandan çıxan püskürmə məhsulları (brekçiya) 2 hektara qədər ərazini əhatə edib və qalınlığı 0.3-1.2 metr arasında dəyişir. Vulkanik ərazidə radial çatlar əmələ gəlib», - məlumatda vurğulanır.

Nazirlik bildirib ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

«Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri püskürmə və onun nəticələrini öyrənir, müvafiq monitorinqlər aparırlar», - məlumatda yazılır.

Ayrantökən palçıq vulkanı Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Nazirlik orada ilk püskürmənin 1964-cü ilin oktyabrında, son püskürmənin isə 2008-ci ildə müşayiət edildiyini xatırladıb.