Elə namizəd var ki, seçki fondunda pul yoxdur

Prezidentliyə namizədlərin posterləri

Mərkəzi Seçki Komissiyasının (MSK) saytında prezidentliyə qeydə alınmış namizədlərin seçki fondlarına daxil olan vəsaitlərə dair maliyyə hesabatları yerləşdirilib.

Prezidentliyə namizəd İlham Əliyevin seçki gəlirləri ümumilikdə 100 min manat olub. Bunun 50 min manatı fiziki şəxslərin könüllü ianəsi, 50 min manatı isə prezidentliyə namizədi irəli sürən siyasi partiyanın vəsaitidir.

Bu sırada namizədlərdən Hafiz Hacıyevin Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi sənədlərə əsasən, onun seçki fonduna vəsait daxil olmayıb.

Qalan 6 namizədin seçki fonduna daxil olan vəsaitlər isə hazırkı dövlət başçısı İ.Əliyevin vəsaitindən azdır.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi altı ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi. Ümumilikdə səkkiz namizəd qeydiyyatdan keçib. Bunlar Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və «Cəbhəçilərin təşəbbüs qrupu»dan Razi Nurullayevdir. Habelə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin də namizədliyi qeydə alınıb.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Ancaq Mərkəzi Seçkilər Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.