İlahiyyatçı Elşad Miri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini məhkəməyə verib. İlahiyyatçının Komitəyə qarşı şikayətinə aprelin 4-də 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq.
Məhkəmə iddiasına səbəb isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin E.Mirinin «İslamda yoxdur» adlı kitabına çapına qadağa qoymasıdır. İlahiyyatçı bu qərarın qanunsuz sayılmasını və qadağanın aradan qaldırılmasını istəyir.
Mübahisə predmeti olan kitab İslam dinində sehr, siğə, huri, azyaşlıların evləndirilməsi, seyidlik, ölüyə Quran oxutdurulması, peyğəmbərlərin məsumluğu kimi məsələlərin olmamasından bəhs edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən mətbuata bildirilib ki, «müəllifin seyidlik anlayışı və Peyğəmbərin məsumluğu ilə bağlı mövqeyi cəmiyyətdə dini durumda mənfi təzahürlərin meydana gəlməsinə rəvac verə bilər».
Kitabla bağlı dinşünaslıq ekspertizasının rəyində yazılıb ki, orada ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlər aşkar edildiyindən onun nəşri məqsədəuyğun hesab edilmir. Həmin fikirlər isə, əsasən, seyidlik anlayışı və Peyğəmbərin məsumluğu ilə bağlıdır.
E.Miri isə bu rəylə razılaşmır. Onun sözlərinə görə, Azərbaycanda çapı qadağan olunan bu kitabın rus, ingilis və türkcə versiyası hazırlanıb.