Putin diplomatik qalmaqalın çözüləcəyinə ümid edir

Vladimir Putin və Tayyip Erdogan mətbuat konfransında

Rusiya prezidenti Vladimir Putin ümidvar olduğunu bildirib ki, aprelin 4-də qlobal kimyəvi silahlara nəzarət qurumunun toplantısı böyük diplomatik qalmaqalı yoluna qoyacaq.

İngiltərədə rusiyalı keçmiş casusun zəhərlənməsinə görə London Moskvanı suçlayır. Sergei Skripal və qızı Yulianın sinir qazıyla zəhərləndiyi bildirilir.

Putin-sə London və müttəfiqlərinin Rusiyanı tələsik suçlamasının suallar doğurduğunu deyib. Belə ki, Britaniyanın aparıcı rəsmisi aprelin 3-də bildirib ki, zəhərin “dəqiq mənbəyi” hələ müəyyənləşdirilməyib.

“BÖYÜK EHTİMALLA...”

Britaniya müdafiə laboratoriyasının rəhbəri Gary Aitkenhead Sky News-a müsahibəsində deyib ki, alimlər hələ hərbi dərəcəli Novichok qazının “dəqiq mənbəyini müəyyənləşdirməyiblər”. Ancaq o əlavə edib ki, belə bir yüksək dərəcədə zəhərli kimyəvi silahla hücum “böyük ehtimalla dövlət tərəfindən gerçəkləşdirilə bilərdi”.

*** Buna da bax: Zəhərlənmiş keçmiş casusun sağ qalmaq şansı “azdır”

Aprelin 3-də Ankarada türkiyəli həmkarı Recep Tayyip Erdogan-la görüşdən sonra keçirdiyi mətbuat konfransında danışan Putin qeyd edib ki, Britaniya rəsmisinin bəyanatı beynəlxalq təhqiqat aparılmasına ehtiyac olduğunu göstərir. Martın 4-dəki hücumdan sonra 66 yaşlı Sergei Skripal və qızı 33 yaşlı Yulia xəstəxanadadır.

Rusiya Kimyəvi Silahların Qadağanı Təşkilatından xahiş edib ki, aprelin 4-də yığışaraq bu məsələni müzakirə etsinlər.

Hərtərəfli təhqiqat istəyirik. Bunda iştirak etmək istərdik, məsələ Rusiya Federasiyası vətəndaşlarına aid olduğundan aidiyyatı materialları əldə etmək istərdik”, – Putin deyib.

“Müzakirə üçün 20 sual qaldırmışıq. Ümid edirəm, bu müzakirədə hər şey aydınlaşacaq”, – Putin söyləyib.

Putin bir daha təkrarlayıb ki, açıq bazarda satılan materiallardan istifadə olunmaqla sinir qazını 20 ölkə hazırlaya bilər.

“DƏLİ İTTİHAMLAR”

Rusiya prezidentinin sözlərinə görə, Aitkenhead-in bəyanatı Britaniyanın Rusiyanın zəhərlənmədə əli olmasıyla bağlı ittihamlarının əsassız olduğunu göstərir. Bu insidentdən sonra Qərb ölkələri Britaniyayla həmrəylik göstərərək 150-dən çox rusiyalı diplomatı qovublar.

*** Buna da bax: Lavrov Qərbi ‘yalan və dezinformasiya’ yaymaqda ittiham edib

Putin-in sözçüsü Dmitry Peskov Aitkenhead-in bəyanatından sonra deyib ki, Britaniya “əsası olmayan dəli ittihamlar”a görə üzr istəməli olacaq.

Bu sərsəmlik çox uzağa getdi”, – Peskov deyib.

Aitkenhead Sky News-a müsahibəsində deyib ki, London zəhərlənmənin arxasında Rusiyanın durması ehtimalını onun laboratoriyasının gəldiyi qənaətdən sonra irəli sürüb. Qurum belə bir qənaətə gəlib ki, hücumda Soyuq Müharibə dövründə Rusiyanın hazırladığı Novichok-la törədilib.

Skripal-ın özünün durumun ağır olduğu, qızında isə sağalma prosesi getdiyi bildirilir.

İstefada olan Rusiya hərbi kəşfiyyat polkovniki Skripal 2006-cı ildə Moskva hərbi məhkəməsində “vətənə xəyanət”də, sirləri Britaniya kəşfiyyat orqanlarına ötürməkdə təqsirli bilinib. O, 2010-cu ildə Birləşmiş Ştatlardan saxlanmış 10 rusiyalı agentlə dəyişdirilmiş 4 rusiyalı məhkumdan biri idi.