'Bəziləri deyir ki, prezident seçkilərindən dərhal sonra...'-Media icmalı

Dollar

Manatın yaxın, uzaq taleyi, Azərbaycanın xarici və daxili siyasəti medianın aparıcı mövzularındandır...

Manatı nə gözləyir

«Exo» qəzetində «Hazırkı iqtisadi reallıqlar zəif manat tələb edir» sərlövhəli yazı oxumaq olar.

Yazıda xarici valyutalara, xüsusilə də dollar və avroya münasibətdə manatın möhkəmlənib-möhkəmlənməyəcəyi ekspert Nəriman Ağayevlə müzakirə edilib.

Müəllif yazıb ki, ölkə əhalisi müstəsna dərəcədə dollar-manat münasibətlərinə köklənib, əhali qalan iqtisadi proseslərə bir elə də maraq göstərmir: «Hətta söhbət hansısa qiymətli əmlak almaqdan, kreditdən və s. düşdükdə belə, yenə də iki valyuta arasında məzənnə gündəmə gəlir. Dolları indi almağı vacib sayır, bir-iki aydan və ya ilin sonuna kimi manatın özünü necə aparacağının bəlli olmayacağını bildirirlər».

Müəllif vurğulayıb ki, əgər bir vaxtlar manatın növbəti dəfə devalvasiyaya uğraya biləcəyi ehtimallarından danışırdılarsa, indi artıq onun möhkəmlənməsindən, hətta bahalanmasından söz açırlar.

«Manatın möhkəmlənməsi mümkün deyil. Xüsusilə ona görə ki, biz iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdiririk. İqtisadiyyatın qeyri-neft sektoru xarici valyutalara münasibətdə manatın zəif olmasını tələb edir. Əgər manat möhkəmlənsə, ixracatçılar bundan əziyyət çəkəcəklər. Bugünkü iqtisadi reallıqlar zəif manat tələb edir. Biz hətta istəsək belə, iqtisadiyyat manatın möhkəmlənməsinə imkan verməz», - deyə ekspert N.Ağayev vurğulayıb.

Ekspert deyib ki, indi cəmiyyətdə bir tərəfdən, manatın möhkəmlənməsindən, başqa tərəfdən, isə zəifləməsindən danışırlar: «Bəziləri deyir ki, prezident seçkilərindən dərhal sonra üçüncü devalvasiya olacaq, dollar manata nisbətdə 2 manata yüksələcək. Mən belə düşünmürəm. Hesab edirəm ki, dollar maksimum 1.75 səviyyəsinə qədər yüksələ bilər».

Qoşulmama Hərəkatının Tehran sammiti

«Demokratiyaya allergiyası olan hökumətlərlə əl-ələ...»

Azadliq.info saytında «Qoşulmaya-qoşulmaya kimlərə qoşuluruq?» sərlövhəli yazı yer alır.

Yazıda bu gün, aprelin 5-də «Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi» mövzusunda Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər konfransı dəyərləndirilir.

Müəllif vurğulayıb ki, Azərbaycan bir neçə il əvvəl Qoşulmama Hərəkatına qoşulub: «Bəli, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulmadılar, Avropa Birliyinə qoşulmadılar, demokratik dəyərlərə qoşulmadılar və nəhayət, «Qoşulmayanlar»a qoşulmaq qərarı verdilər. Yəni, Afrikanın geridəqalmış ölkələriylə, demokratiyaya qarşı allergiyası olan hökumətlərlə əl-ələ verdik. Azərbaycan hökumətinə məhz belə bir təşkilatda yer almaq sərfəliydi. Çünki bu hərəkata üzv olan ölkələr bir-birindən şəffaflıq, ədalətli idarəçilik, azadlıq, demokratiya tələb etmirlər».

Yazıda bildirilir ki, konfransda Şimali Koreyadan da rəsmi şəxslərin iştirakı gözlənir: «Bu ölkədə prezidentin atasının ölümünə ağlamayanı həbs edirlər. Bu ölkədə internet, mətbuat, müxalifət, fərqli fikir yoxdur...».

Müəllif hesab edir ki, bu hərəkatda təmsil olan bir çox ölkələr Azərbaycana nümunə ola bilməz: «Eyni zamanda, belə ölkələrin yaratdığı hərəkatda təhlükəsizlik və inkişaf barədə müzakirə aparılmasının özü də gülməli görünür. Çünki belə ölkələr mahiyyət etibarilə inkişafa və təhlükəsizliyə qarsıdırlar».

Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı

«Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə sadiqdir»

«Azərbaycan» qəzetində «Azərbaycan növbəti beynəlxalq tədbirə evsahibliyi edir» sərlövhəli yazı dərc edilib.

Bu yazıda azadliq.info saytında haqqında bəhs edilən konfrans fərqli kontekstdən qiymətləndirilir.

Müəllif yazıb ki, beynəlxalq tədbirlər mərkəzi olan Bakı növbəti qlobal tədbirə evsahibliyi edir.

Yazıda Azərbaycanın bu quruma üzv olması da fərqli şəkildə dəyərləndirilir: «Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının (QH) ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Məhz QH tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib».

2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatında sədrlik Azərbaycana məxsus olacaq.

Müəllif iddia edir ki, indi Avropa qitəsində cərəyan edən proseslər Qoşulmama Hərəkatının prinsip, məqsəd və məramlarının orada da təşviq edilməsinin vacibliyini gündəmə gətirir: «Azərbaycan QH-nin fəal üzvüdür. Bakıda keçirilən nazirlər konfransı, həmçinin gələn ilə nəzərdə tutulan zirvə sammiti və rəhbərliyin ölkəmizə keçməsi qurumun Azərbaycana göstərdiyi etimadın və ehtiramın göstəricisidir».