Fərman Ceyranlının şikayətinə baxılacaq

F.Ceyranlı

Gürcüstanda həbsdə olan cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlının yenidən məhkəməsi keçiriləcək. Gürcüstan Apellyasiya Məhkəməsi onun vəkillərinin aşağı məhkəmənin hökmündən verdiyi şikayətə baxacaq.

Bu haqda AzadlıqRadiosuna cərrahın qızı Lalə Hüseynli məlumat verib. Onun bildirdiyinə görə, vəkilləri F.Ceyranlı barəsində hökmü qanunsuz və əsassız hesab edirlər. Yuxarı məhkəmədən Tbilisi Şəhər Məhkəməsinin 6 il azadlıqdan məhrum etdiyi cərrah barəsində bəraət hökmünün çıxarılması istənilib. Gürcüstan Apellyasiya Məhkəməsi şikayətə aprelin 19-da baxmalıdır.

L.Hüseynli bildirir ki, F.Ceyranlı məhkəmə öncəsi ictimaiyyətə, hüquq müdafiəçilərinə səsli müraciət ünvanlayıb. Qızının deməsinə görə, cərrah həmin müraciətində ona verilən ittihamları qətiyyətlə rədd edib, həbsinin Azərbaycan hakimiyyətinin sifarişi olduğunu qeyd edib.

«Məhkəmədə bu işdə heç bir cinayət əməlinin tərkibinin olmadığı təsdiqləndi. Xəstələrin əməliyyat edilməsində, işin təşkilində, maliyyə məsələlərində nöqsan aşkar edilmədi. Xəstələr təcili şəkildə əməliyyat olunduqlarından Səhiyyə Nazirliyinin icazəsinə ehtiyac yox idi. Bu, həm Gürcüstan qanunvericiliyində, həm də Dünya Səhiyyə Təşkilatının təlimatında var. Bu işdə yeganə nöqsan əməliyyat etmiş cərrahın lisenziyasının müddətinin bitməsi idi. Hansı ki, sonradan 6 ay müddətində yenidən uzadıldı. Bu isə sadəcə olaraq inzibati pozuntu idi, cərrah məhkəmə qərarı ilə 1000 lari məbləğində cərimə edilib», - qızının bildirməsinə görə, F.Ceyranlı səsli müraciətində vurğulayıb.

L.Hüseynlinin bildirməsinə görə, o, həmçinin, Azərbaycanın müxalif qüvvələri ilə münasibətlərinin olduğunu, onlara əlindən gələn köməyi etdiyini, elə buna görə də Azərbaycan hakimiyyətinin sifarişi ilə həbs edildiyini ifadə edib.

F.Ceyranlının sifarişli həbs edilməsi ilə bağlı bundan öncə də açıqlamalar olub. Ancaq Azərbaycan rəsmiləri bu fikirlərə münasibət bildirməyiblər.

Bu müraciətə də nə Azərbaycanın Prezident Administrasiyasından, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olub.

Xatırlatma

Əslən Gürcüstandan olan F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, orada təhsil alıb və işləyib. 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. O, bir neçə il əvvəl Gürcüstana gedərək «Lancet» klinikasının yaradıcılarından biri olub və ötən il mayın 22-də həbs edilib.

F.Ceyranlı Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci (dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) maddələri ilə ittiham olunurdu. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb. Hökmdə vurğulanır ki, məhkəmə zamanı cərraha qarşı ittihamlardan dələduzluq təsdiqini tapıb.