Məcburi dövlət sosial sığorta sahəsində ödənilməyən borcların və sanksiyaların silinməsinə başlanıb.
«Turan» agentliyinin xəbərinə görə, bu haqda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.
«Hesablanmış maliyyə sanksiyaları, penyalar hamısı silinəcək. Bu, 180 milyon manatın silinməsi, bağışlanması deməkdir», - nazir bildirib.
«Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Qanun layihəsini prezident İlham Əliyev verib. Martın əvvəlində ölkə parlamenti həmin qanun layihəsini bəyənib.
Qanuna əsasən, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan, 2006-cı il yanvarın 1-i tarixinə kimi yaranan və 2018-ci il aprelin 1-dək ödənilməyən borcları tam məbləğdə silinir.
2015-ci il yanvarın 1-nə kimi yaranan və ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclar da tam məbləğdə silinir.
Qanunda o da vurğulanır ki, 2015-ci ilin yanvarın 1-dən sonra yaranan məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi bir neçə qaydada həyata keçirilir.
2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının 10 faizi ödənildikdə, maliyyə sanksiyalarının ödənilməmiş 90 faizi silinəcək.
Bu ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə isə, ödənilməyən 70 faiz ləğv ediləcək.
Aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənilərsə, yerdə qalan hissə silinəcək.