Keçmiş prezidentə 24 illik həbs cəzası

Park Geun-hye, arxiv fotosu

Cənubi Koreyada məhkəmə keçmiş prezident Park Geun-hye-ni korrupsiya və hakimiyyətdən sui-istifadədə təqsirli bilərək 24 illik həbs cəzaya məhkum edib.

Seul Mərkəzi Məhkəməsi hökmü aprelin 6-da çıxarıb. Park-ın hakimiyyətdən sui-istifadədə, rüşvətxorluqda, dövlət sirlərinin sızdırılmasında, pul qoparmada təqsirli bilindiyi açıqlanıb.

66 yaşlı Park 18 milyard von (16,8 milyon dollar) cərimə də olunub.

İttihama görə, Park yaxın rəfiqəsi Choi Soon-sil ilə əlbir olaraq 18 konqlomeratı Choi-nin rəhbəri olduğu fondlara 72,3 milyon dollar ödəməyə məcbur ediblər. Hər iki qadın biznes qruplardan dövlət dəstəyi əvəzində rüşvət almaqda təqsirli bilinib. Park həmçinin konfidensial prezident sənədlərini rəfiqəsinə sızdırmaqda suçlu bilinib.

Park günahsız, “siyasi intiqam” qurbanı olduğunu deyib. O, oktyabrdan məhkəməni boykot edib, hökm oxunanda da məhkəməyə gəlməyib.

Cənubi Koreyanın ilk qadın prezidenti olan Park mərhum prezident Park Chung-hee-nin qızıdır. O, 1979-cu ildə qətlə yetirilib.