“Kimlərinsə öz təşəbbüsü və səviyyəsinə uyğun şəkildə yaydığı təhqirin, söyüşlərin mənimlə əlaqələndirilməsi cəhdini birmənalı şəkildə təxribat hesab edirəm!”
APA-nın xəbərinə görə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov belə deyib.
O, vurğulayıb ki, hansısa “troll” “qruplar”a ayrı-ayrı şəxsləri təhqir etmək tapşırığı verilməsi haqda iftiralar Azərbaycan hakimiyyətini və şəxsən onu ləkələmək məqsədi daşıyır”.
Prezidentin köməkçisi şəxsi və siyasi fəaliyyətində qeyri-etik davranışları yolverilməz hesab etdiyini bildirib.
“Sosial mediada, KİV-dəki açıqlama və müraciətlərimdə də siyasi polemika zamanı hamını bu tipli davranışdan çəkinməyə çağırmışam. Belə cəhdləri isə tərbiyəsizlik və acizlik əlaməti kimi qiymətləndirmişəm. Mənim bu tövsiyə və müraciətimə məhəl qoymayan, küçə leksikonundan istifadəni davam edən ayrı-ayrı sosial şəbəkə istifadəçilərini Azərbaycan hakimiyyəti və şəxsən mənimlə əlaqələndirmək iftiradan başqa bir şey deyil”.
Əli Həsənov vurğulayıb ki, həm o, həm də tabeçiliyində olan strukturlarda çalışan insanlar bu cür əməl sahibi olmayıblar. Onun sözlərinə görə, sosial şəbəkələrdə təhqir və söyüşlərin onunla əlaqələndirilməsi cəhdi təxribatdır.
“Söyüş kampaniyasını” təşkil edənlər ciddi ictimai qınaqla qarşılaşdıqlarına və bütün cəhdlərinin iflasa uğradığını anladıqlarına görə, indi məsuliyyəti öz üzərlərindən atmağa, kənarda günahkar axtarmağa çalışırlar”, prezidentin köməkçisi bildirib.
Xatırlatma
Ə.Həsənov son həftələrdə özünün facebook səhifəsində sosial şəbəkələrdə söyüşlərdən geniş istifadə olunması mövzusuna toxunub, əsasən də Azərbaycandan gedən mühacirlərə üz tutub. O, bəzi mühacirlərə üz tutaraq yazıb ki, «heç olmasa, aralarında yaşadığınız bu avropalılardan siyasi mübarizə mədəniyyəti öyrənəydiniz».
Prezidentin köməkçisi müraciətlərini onunla əsaslandırıb ki, məqsədi getdikcə genişlənən qeyri-əxlaqi mübarizə üsullarını aradan qaldırmaq olub.
Ancaq sosial şəbəkələrdə, mediada yayılan bəzi şərhlərdə “söyüş kampaniyasını” elə Əli Həsənəvun idarə etdiyi ifadə olunub.
Hazırda Avropada yaşayan bir sıra mühacirlər də bildirirlər ki, Ə.Həsənov və onun təmsil olunduğu hakimiyyət təmsilçilərinin özləri sivil mübarizə metodlarından uzaqdırlar.