Papanın Türkiyəyə qalmaqallı səfəri reallaşır

Noyabrın 28-də Papa XXVI Benedikt Türkiyəyə 4 günlük səfərə çıxır

Papa XXVI Benedikt noyabrın 28-də Türkiyəyə 4 günlük səfərə çıxır. Roma Papasının zəngin səfər planının yerli dini icmalarla yaxşı münasibətlər qurmağa hesablandığı görsənir. Vatikanın rəsmi saytında yer alan səfər planına göz gəzdirəndə aydın olur ki, o, Türkiyənin Diyanət İşləri Başkanı ilə yanaşı, erməni katolik kilsəsinin patriarxı ilə, həmçinin Ortodoks kilsəsinin başçısı ilə görüşəcək. Dünyəvilik yolu tutmuş Türkiyə Cumhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət də səfər planında yer alıb.

Papanın səfəri ərəfəsində noyabrın 26-də İstanbulda geniş etiraz aksiyası keçirilib. Səadət Partiyasının təşəbbüsü ilə keçirilən həmin aksiyaya əsasən islam fəalları qatılmışdı.


Amma, Roma Papasından təkcə müsəlman fəalları yox, dünyəvilik tərəfdarları da incikdirlər. Sentyabrda Almaniyadakı çıxışında Papa XXVI Benedikt orta əsrlər Bizans imperatorundan islam əleyhinə sitat gətirməklə islamçıları qəzəbləndirmişdi. Bundan başqa o, hələ Papa olmazdan əvvəl Türkiyənin Avropa Birliyinə qəbuluna qarşı çıxırdı.


Əvvəlcədən verilən məlumatlara görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Riqaya NATO sammitinə gedəcəyindən Papa ilə görüşməyəcək. Amma, çoxları baş nazirin görüşməməsini sitat qalmaqalı ilə izah edirdilər. Lakin, son anda Ərdoğanın sözçüsü bildirib ki, baş nazir Papa ilə hava limanında görüşəcək.


İstənilən halda Roma Papasının səfərinin bir çox qayğılarla zəngin olacağı gözlənir.


«Azadlıq» radiosunun müxbiri səfər ərəfəsində istanbullu bir neçə gəncdən səfərə necə münasibət göstərdiklərini öyrənib.


1979-cu ildə Roma Papası İohan Paveli güllə ilə yaralayan Əli Akca Türk mediası ilə xəbərdarlıq edib ki, bu səfər Papa üçün təhlükəli olacaq. Amma, təhlilçilər təhlükəsizlik qüvvələrinin hazırlıqlı olduğunu deyirlər. Siyasi təhlilçi Zeyno Baran:


«Bəzi fitnəkarlıqlar ola bilər, kimsə hücum çəkməyə və ya nəsə etməyə çalışa bilər. Amma, məsələ bundadır ki, onlar istədiklərinə çatacaqlarmı?» Təhlilçinin sözlərinə görə, təhlükəsizlik qüvvələri işini möhkəm tutur. Bununla belə yenə də səfər riskli sayıla bilər.



Papanın səfəri ərəfəsində İstanbulda geniş etiraz aksiyası keçirilib
Vatikan üzrə ekspert Con Allenə görə, bu səfər Papa üçün nadir bir fürsət sayılır: «Vatikandakı mötəbər şəxslər başa düşürlər ki, bu Benediktin müsəlman dünyasındakı imicini bir növ dəyişdirməsi üçün sonuncu ələkeçməz fürsətdir».

Allenin sözlərinə görə, Papa bu dəfə Bizans imperatorundan yox, ikiliyin vəhdətindən danışan qədim yunan filosoflarından sitat gətirərək həm Qərbə, həm Şərqə mesaj verə bilər.


Roma Papası səfəri zamanı Efesdəki Məryəm məqbərəsini ziyarət etməyi də planlaşdırır. XVIII əsr almaniyalı monax qadın Katarina Emmerixin mülahizələri əsasında axtarış aparan arxeoloqlar Efesdəki Panaya Kapula deyilən yeri aşkarlayıblar və Məryəmin oradakı evdə son günlərini yaşadığı güman edilir. Xristianlarla yanaşı müsəlmanlar da hesab edirlər ki, Məryəm İsanı doğarkən bakirə imiş. Bir çox təhlilçilər hesab edir ki, bu ziyarət də müsəlmanlarla bir körpü rolunu oynaya bilər.


Papanın səfər planının təkcə müsəlman dünyası ilə ayrılıqları yox, həm də xristianlığın öz daxilindəki ayrılıqları yüngülləşdirməyə yönəldiyi görsədir.


Noyabrın 28-də İstanbula gələrkən onun Pravoslav xristian dünyasının mənəvi lideri sayılan Konstantinopol patriarxı I Barfolomeylə görüşü olmalıdır. Xristian kilsəsindəki həmin böyük ayrılıq 1054-cü ildə baş vermişdi.


Bu yaxınlarda pravoslavların ən çox yaşadığı ölkənin - Rusiyanın pravoslav kilsəsinin Avropa ölkələri üzrə elçisi yepiskop Hilarion Alfeyev «Azadlıq» radiosuna müsahibəsində dünyəviliklə mübarizədə hər iki kilsəni alyans yaratmağa çağırmışdı.