Üzərində məhkumluq olan keçmiş məmur ölkədən getmək istəyir

Qadağa

Dövlətin 153 milyon manatdan çox vəsaitini mənimsəməkdə ittiham edilərək məhkum olunan sabiq vəzifəli rabitəçilər arasında Namazalı Məmmədov da vardı. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və nazirliyin tabeliyində olan müəssisələrin əksəriyyətinin təmir-bərpa işlərini N.Məmmədovun rəhbərlik etdiyi «Optik Rabitə, Tikinti və Quraşdırma» şirkəti həyata keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilən N.Məmmədov sonradan azadlığa çıxdı. Bakı Apellyasiya Məhkəməsi ona münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq etdi.

N.Məmmədov ölkəni tərk etmək istəyir, amma üzərindəki şərti cəza ilə əlaqədar ona icazə verilmir. O, ölkədən çıxış qadağasının üç aylıq götürülməsi xahişi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Amma oradan «yox» cavabı alıb.

Aprelin 9-da Bakı Apellyasiya Məhkəməsində də N.Məmmədovun ölkədən çıxışla bağlı şikayətinə baxılıb. Amma bu instansiya da eyni qərarı verib – ölkədən çıxış məhdudiyyəti götürülməyib.

N.Məmmədova qarşı ittihamda təxminən 12 milyonluq dövlət vəsaitinin mənimsənilməsindən söhbət gedirdi. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə bir ilə yaxın araşdırmalar getdiyi dövrdə təqsirləndirilən şəxslər, o cümlədən N.Məmmədov mənimsənildiyi iddia olunan məbləğin bir qismini ödədi.