Təşviqat müddəti başa çatıb

Seçki

Növbədənkənar prezident seçkiləri ilə bağlı təşviqata ayrılmış müddət başa çatıb.

Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlərin səsvermə gününə 23 gün qalmış təşviqatı başlanır, səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat martın 19-u başlayıb, bu gün - aprelin 10-u saat 08.00-da dayandırılıb.

Ötən ilin dekabrında ölkə parlamenti Seçki Məcəlləsinə dəyişikliklər edib. Məcəllədə xüsusən növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı müddəalara dəyişiklik olunub. Orada seçkilərin keçirilməsinə ayrılan vaxt 3 aydan 60 günə endirilib. Bu dəyişiklikdən də asılı olaraq təşviqat müddəti də azaldılıb.

Bu il Azərbaycanda prezident seçkisi altı ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi. Ümumilikdə səkkiz namizəd qeydiyyatdan keçib. Bunlar Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və «Cəbhəçilərin təşəbbüs qrupu»dan Razi Nurullayevdir. Habelə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin də namizədliyi qeydə alınıb.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, NİDA Vətəndaş Hərəkatı isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Liderləri həbsdə olan REAL Hərəkatı da seçkiyə qatılmayıb.

Ancaq Mərkəzi Seçkilər Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.